Zəfər günü. Başıuca, qalib yaşadığımız 4 cü il. Dünya hərb tarixində görülməmiş döyüş əzmi, misilsiz qələbə. Qələbə inanmaqdan başlayır, biz inandıq, qazandıq. Bu gün də inanırıq və görürük. Qarabağın dünyanın mərkəzinə çeviriləcəyinə, yenidən yaranış nümunəsinə.
Bəs biz zəfərimizi necə qoruyuruq? Ona necə sahib çıxırıq?
Bu torpaqlarda görülən işlərlə. Təbiətimizin bir zərrəsinə belə ziyan verilməyəcəyinə olan əminlik. Budur bizim Zəfərimizə qol-qanad gəlməyimiz, buranı gerçək sahiblərinə verərkən başdan-başa alova bürüyən mənfurlardan fərqimiz. Bununla da biz qələbəmizi təkcə 2020-də çalmadıq. O torpaqlarda bərpa işləri, atdığımız hər addım, aldığımız hər nəfəs də Zəfərdir. Bu amal uğrunda çalışan, tər tökən, Ali Baş Komandandan güc alan, şəhidlərimizə layiq olmağa çalışan Zahir İsgəndərov kimi vətənin fədakarı oğulları var. Onun adı quruculuqla Azərbaycan tarixinə yazanların sırasında duracaq.
Bayramda xoş xəbər verərlər. Bizim də sizə buludlardan uca, qıy vuran qartallardan hündür Kəlbəcərdən sorağımız var. Artıq Azad Kəlbəcərə mavi qaz çəkilişi başa çatır. Məşəqqətli, çətin işlər fədakarlıqla aşıldı. Sevginin qorxunu necə üstələdiyini görmüş olduq bununla da. Təbiətin gücünə sinə gərildi. Ürəyi Kəlbəcər dağları qədər böyük olan zəhmətkeş oğullar bunun öhdəsindən gəldi. Bacarıqlarımızın kiçik bir nümunəsidir bu.
Bu təkcə qaz çəkilişi deyil. Təbiəti qorumaq, buranı muzey kimi yaşatmaqdır. Artıq təbiətin bir zərrəsinə toxunulmayacaq, ağaclar Kəlbəcər səmasına boylandıqca boylanacaq. Ocaqlarımızı min bir əziyyətlə çəkilən o mavi yanacaq qızdırmış olacaq.
Liderimizin başçılığı ilə gələcəyimizin aynasıdır bu gün görülən işlər.
Bu elə bir müjdəli xəbərdir ki, gözaydınlığı təkcə Kəlbəcərə, bu həsrətlə yaşayan kəlbəcərlilərə deyil, bütün Azərbaycana verilməlidir.
Zəfərimiz, Kəlbəcərimiz mübarək!