AZ

Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ictimai birlikdir və Qiymətləndiricilər Palatası formalaşdırıldıqdan sonra bu birlik təlim-tədris istiqamətində, ölkədəki qiymətləndiricilərin assosiativ birliyi formasında fəaliyyətini davam etdirəcək. 

Bunu İqtisadiyyat.az-a müsahibəsində AQC-nin sədri Vüqar Oruc deyib.

O, bildirib ki, hansısa inzibati orqanın yaradılması bu istiqamətdə fəaliyət göstərən assosiasiyaların sıradan çıxması demək deyil:

“Əksinə, həmin inzibati orqanın assosiativ təşkilatlara çox böyük ehtiyacı var ki, qarşılıqlı əməkdaşlıq nəticəsində sektorun mənafeyini tam qorumağa nail olsun və assosiasiyalardan təkliflər alaraq öz fəaliyyətini daha yüksək səviyyədə qursun. Bununla bağlı Azərbaycanda çox nümunələr var. Palata şəhadətnamələrin, fəaliyyət icazəsinin verilməsi məsələlərini tənzimləyəcək. AQC isə qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması, onların hüquqlarının müdafiəsi, birliyinin reallaşdırılması, sektorun ümumi mənafelərinə aid məsələlərin dövlət qurumları, o cümlədən Palata qarşısında qaldırılması istiqamətlərində fəaliyyətini davam etdirəcək. Cəmiyyətin keçirdiyi sertifikatlaşma kursları da davamlı olacaq. Bu kurslar indi də keçirilir. İmtahanlara hazırlıqla bağlı da AQC-nin kursları davam edir. Palatanın yaradılması ilə AQC-nin fəaliyyəti daha da inkişaf edəcək və imkanları daha da artacaq”.

V.Oruc qeyd edib ki, Qiymətləndiricilər Palatası ölkədə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlərə ixtisas şəhadətnaməsi verəcəksə, AQC də qiymətləndiricilərin peşəkarlıq səviyyəsini öz sertifikatları ilə təsdiqləyəcək:

“Bir var rəsmi fəaliyyət icazəsi əldə etmək, bir də var kurslarda iştirak edib peşəkarlıq səviyyəsini artırmaq. Bu, dünya təcrübəsində görünmüş bir haldır və biri digərini təkzib etmir. Əksinə, sertifikatların şəhadətnamələrin alınmasına və qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə olduqca böyük təsiri var. Hesab edirəm ki, sertifikatlaşma prosesi bundan sonra davamlı olacaq. Palata olaraq altı ay ardıcıl imtahanlar keçirəcəyik. Artıq ilk imtahan keçirilib. İkinci imtahan 18 dekabrda olacaq. Növbəti imtahanların keçirilməsi hər imtahan baş tutduqdan sonra 45 gün ərzində elan olunacaq. Bu proses təqribən 10 ay müddəti əhatə edəcək. Bu müddətdə altı dəfə imtahandan keçən qiymətləndiricilər sektorda müxtəlif sahələr üzrə fəaliyyət icazəsi alacaqlar. Bundan sonra isə ildə iki dəfə imtahan keçiriləcək. Həmin imtahanlarda müsbət nəticə əldə etmiş şəxslər qiymətləndirici kimi ölkədə fəaliyyət göstərmək icazəsi əldə edəcəklər. Fəaliyyət icazəsi əldə etmək bir başqa məsələdir, həmin fəaliyyətin yüksək səviyyədə olmasını göstərən sertifikat əldə etmək başqa məsələ. Yəni Palata fəaliyyətə rəsmi icazəni təmin edəcək, AQC isə bu istiqamətdə fəaliyyətin peşəkarlıq səviyyəsini və keyfiyyətini öz sertifikatları ilə təsdiq edəcək”.

Qeyd edək ki, ötən il Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni Qanun qəbul edilib. Qanuna əsasən, ölkədə Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı işlərə start verilib. Proseslərin tərkib hissəsi olaraq bu il 27 oktyabr tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib. İmtahandan keçənlər ölkədə qiymətləndirmə fəaliyyəti göstərmək üçün ixtisas şəhadətnaməsi, yəni rəsmi icazə əldə edir və Qiymətləndiricilər Palatasının üzvü olurlar. Hazırda imtahandan keçmiş şəxslərdən ibarət Qiymətləndiricilər Palatasının formalaşdırılması prosesi gedir. Növbəti imtahan isə bu il 18 dekabrda baş tutacaq.  Bunlara paralel olaraq uzun illərdir ki, AQC tərəfindən qiymətləndiricilər üçün peşə hazırlıq kursları təşkil edilir. Bu kurslarda iştirak edənlər qiymətləndirmə fəaliyyəti barədə biliklərə yiyələnir, peşəkar səviyyələrini artırır və yekunda sertifikatla təmin olunurlar.

Qeyd edək ki, müsahibənin geniş variantı ilə bu linkdən tanış ola bilərsiniz.

Seçilən
11
iqtisadiyyat.az

1Mənbələr