AZ

İsveçdə “Nuhun izləri” sənədli filminin təqdimatı

İsveçin paytaxtı Stokholmda tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izləri” sənədli filminin premyerası keçirilib.

8 Noyabr Zəfər Gününə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bildirilib ki, “Nuhun izləri” filmi Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Naxçıvanda çəkilib. Film Naxçıvan və onun qədim tarixindən, əfsanəyə görə, gəmisi Gəmiqaya dağına enmiş Nuh Peyğəmbərə gedib çıxan tarixdən bəhs edir.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov qeyd edib ki, Azərbaycan xalqı bugünlərdə iki mühüm hadisəni qeyd edir: Zəfər Bayramı və Naxçıvan Muxtar Respublikasının 100 illiyi. Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında əldə olunan zəfər yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasına imkan verir. “Azərbaycan mədəniyyətinin əsl vurğunu olan əziz dostumuz Mikael Silkeberq Naxçıvana səfər edərək onun zəngin mədəniyyətini və tarixini şəxsən öyrənmək və möhtəşəm sənədli film çəkmək üçün gəlmişdir”, – deyə diplomat bildirib. O, həmçinin məlumat verib ki, bu, Mikael Silkeberqin Azərbaycana həsr etdiyi 3-cü filmdir. Digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odinin kodu” cümə axşamı, 7 noyabrda Parisdə nümayiş olunacaq.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi yüksək səviyyədə qeyd edilir. Yeni film də Naxçıvanın mədəni irsinin qorunması və təşviqinə verilən dəyərin daha bir ifadəsidir.

Filmin quruluşçu rejissoru Rəhim Sadıxbəyli çıxış edərək çəkilişlərdə iştirak edən Naxçıvan Dövlət Dram Teatrının kollektivinə və Naxçıvan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin İsveçdə akkreditə olunmuş diplomatları, diaspor nümayəndələri, yerli KİV təmsilçiləri və xarici qonaqlar olmaqla yüzdən çox insan iştirak edib.

XQ

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr