AZ

Fernandu Santuş: “Hazırkı vəziyyətdən çıxmağa çalışacağıq”

“Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün önəmli gündür. Bu münasibətlə hər birinizi təbrik edirəm”.

Msport.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığmaları ilə oyunlar öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Qrupdakı son iki görüşlə bağlı fikirlərini açıqlayan mütəxəssis vəziyyətdən çıxmağa çalışacaqlarını bildirib: “Mehdi Cənnətovun yığmaya çağırılmaması texniki qərardır. Milliyə dəvət alan futbolçuların hər birinə güvənirəm. İnanıram ki, onlar komandaya kömək edəcəklər”.

O, millinin heyətini gəncləşdirməyə çalışdıqlarını söyləyib: “Bu toplanışa 2 gənc futbolçu dəvət etmişəm. Onların vəziyyətinə baxacağıq. Amma yalnız gəncləri çağırmaq olmaz. Onların yanında mütləq təcrübəli oyunçular olmalıdır”.

F.Santuş Kamran Ağayevin yığmadan kənarlaşdırılması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Bu, düzgün xəbər deyil. Kamran sabah bizimlə olacaq. Yığmaya daha bir azərbaycanlı məşqçi cəlb olunacaq. Bunun üzərində iş gedir. Bu, heç də asan məsələ deyil. Həmin məşqçinin mənə həqiqətən köməyi dəyməlidir”.

O, təlim-məşq toplanışı üçün Qəbələni seçməsinin səbəbini də açıqlayıb: “Qəbələdə iki dəfə olmuşam. Dünyanın hər yerində futbolçular istənilən iqlim şəraitinə uyğunlaşırlar. Digər amillər hamısı bəhanədir. İstək olandan sonra hər şey mümkündür. Bəzi komandalar dəniz səviyyəsindən 3 min metr yüksəklikdə oynayırlar, amma problem olmur”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniyanı qəbul edəcək Azərbaycan millisi 3 gün sonra isə son tur çərçivəsində səfərdə İsveçin qonağı olacaq.

Seçilən
0
1
msport.az

2Mənbələr