Fransa özünü demokratik dəyərlər və insan hüquqlarının müdafiəçisi kimi tanıtsa da, Birləşmiş Millətlər Təşkilatının (BMT) son hesabatı bu imicin gerçəkliyə nə qədər uyğun olduğunu sual altına alır. Belə ki, BMT hesabatında Fransanın miqrantlara və dənizaşırı ərazilərdə yaşayan insanlara qarşı hüquq pozuntuları ilə müşayiət olunan şiddət və güc tətbiq etməsi halları geniş şəkildə əks etdirilib. Bu məqamlar isə həm beynəlxalq ictimaiyyətin, həm də insan hüquqları təşkilatlarının ciddi narahatlığına səbəb olur.
Yenicag.az xəbər verir ki, BMT hesabatında Fransanın Martinika və Yeni Kaledoniya kimi dənizaşırı ərazilərində polis tərəfindən zorakılıq tətbiq etməsi açıq şəkildə qeyd edilib.
Qeyd edək ki, Fransanın bu ərazilərdə uzun illər ərzində həyata keçirdiyi neokolonial siyasət yerli əhalinin hüquqlarını kobudcasına pozaraq onların öz müqəddəratını təyin etmək hüququnu əllərindən alıb. Zorakılıq və basqı üsullarına əl atılması isə bu ərazilərdə yerli əhali ilə mərkəzi hökumət arasında güvən çatışmazlığına səbəb olub və ciddi sosial gərginliklərə yol açıb.
Məlumat üçün deyək ki, Fransız Polineziyası, Martinika və Yeni Kaledoniya kimi ərazilər zəngin təbii resurslarına və strateji yerləşmələrinə görə Fransa üçün əhəmiyyətli dəyər daşısa da, burada yaşayan insanların əsas hüquqlarının müdafiəsi, təəssüf ki, daim diqqətdən kənarda qalıb. Fransanın bu ərazilərdə həyata keçirdiyi siyasət isə yerli əhalinin hüquq və azadlıqlarını təmin etmək əvəzinə, onlara qarşı sistematik olaraq güc tətbiq edən və onları öz torpaqlarında qərarvermə hüququndan məhrum edən bir təzyiq maşınına çevrilib.
Həmçinin Fransanın miqrantlara qarşı olan yanaşması ayrıca bir narahatlıq mənbəyidir. Miqrantlar, xüsusilə Şimali Afrika və Yaxın Şərqdən gələn şəxslər Fransada insan hüquqlarının ciddi şəkildə pozulmasına məruz qalırlar. Bu miqrantlar, işsizlik və təhsildən uzaqlaşdırılma kimi çətinliklərlə üzləşir, onlara qarşı polis zorakılığı və ayrımçılıq edilir. Fransanın bu təzyiq siyasəti demokratiya və insan hüquqları ideyalarını təbliğ edən bir dövlət olaraq üzərinə götürdüyü məsuliyyətlə ciddi ziddiyyət təşkil edir.
Yeri gəlmişkən, Fransanın bu neokolonial siyasətinə qarşı çıxan təşkilatlardan biri də Bakı Təşəbbüs Qrupudur. Azərbaycanın rəhbərliyi ilə yaradılmış Bakı Təşəbbüs Qrupu, Fransanın dənizaşırı ərazilərdə və miqrantlara qarşı sərgilədiyi hüquq pozuntularına qarşı beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə yönəlmiş mühüm təşəbbüslər irəli sürür. Bu qrup Fransanın Afrika ölkələrində, həmçinin dənizaşırı ərazilərində iqtisadi resurslardan istifadəsini tənqid edir və bu ərazilərdə yaşayan insanların hüquqlarının bərpa olunması üçün beynəlxalq səviyyədə səylər göstərir.
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti yalnız Fransanın dənizaşırı siyasətinə deyil, ümumilikdə, neokolonializmin qurbanlarına göstərilən dəstəyi simvollaşdırır. Bu qrup haqsızlıqlara qarşı beynəlxalq miqyasda səs qaldırır və həmin ərazilərdə yaşayan xalqların azadlıq və bərabərlik hüquqlarını müdafiə edir. Fransanın demokratiya adı altında insan hüquqlarını pozan siyasətini ifşa edən Bakı Təşəbbüs Qrupu həm də dünyanın bir çox digər ölkələrini, keçmiş kolonial güclərin bu gün də davam edən iqtisadi və siyasi təzyiqlərinə qarşı birləşməyə çağırır.
Son olaraq, qeyd edək ki, Fransanın insan hüquqları və azadlıqlarını qorumaq kimi beynəlxalq öhdəlikləri varkən daxildə və dənizaşırı ərazilərdə bu hüquqları ciddi şəkildə pozması dünya miqyasında geniş tənqidlərə səbəb olur. BMT və digər insan hüquqları təşkilatlarının hesabatlarında bu pozuntuların əks olunması Fransanın beynəlxalq nüfuzuna kölgə salmaqla yanaşı, ölkənin daxili və xarici siyasətindəki çətinlikləri də aşkara çıxarır. Bu gün Fransanın insan hüquqlarını kobud şəkildə pozan hərəkətləri, demokratik dəyərlər və azadlıqların təbliği ilə bağlı öhdəliklərini ciddi şəkildə sual altına alır.
Rafi Müslümov