Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunan Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, film təqdimatında sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak edib.
Yaradıcı heyət filmin şəhid ailələrinə və onların övladlarına ithaf olunduğunu qeyd edib. Onlar 44 günlük savaşda canlarından keçən şəhidlərimiz və onların ailələrində yaşanan bu kədərli hadisənin bir hissəsini ekranlara daşımanın məsuliyyətindən danışıblar.
Film 44 günlük Vətən Müharibəsində atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrılar, acıların bir qismi filmdə öz əksini tapıb.
Filmin layihə rəhbəri Həmid Həsənzadə olan filmin nümayişi böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki filmdə baş rolları Zahid Əhmədov, Qurban Əhmədov və Lalə Süleymanova canlandırıb.
Filmin quruluşçu rejissorluğu Fərid Əhmədova, ssenari müəllifi Leyla Qədirzadəyə, quruluşçu operatoru Aqşın Rzayevə, rejissorluğu Orxan Cahangirə, prodüseri Nicat Həsənliyə, İcraçı prodüseri Oruc Pirəliyevə, montajı Mirhüseyn Ağayevə, səs rejissorluğu Murad Bayramova məxsusdur.