AZ

Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətləri olmadan Rusiya ilə atəşkəsi rədd edib

 
"Siz kimsiniz ki, belə bir şey təklif edirsiniz? Bəyəm sizin övladlarınız həlak olur, yoxsa sizin evləriniz dağıdılır? Siz nədən danışırsınız?.."
 
Ukraynanın NATO-ya qəbul olunmasından imtina edilməsi, bu zaman atəşkəs tələb olunması cəfəngiyyatdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Budapeştdə mətbuat konfransında bəyan edib.
 
Ukrayna prezidenti ölkəsinin NATO-ya qəbul olunmasından imtina edilməsi, bu zaman atəşkəs tələb olunmasını cəfəngiyyat adlandırıb. "Atəşkəs o zaman baş verəcək ki, müharibədə iştirak edən, xüsusilə müharibənin qurbanı olan dövlət təhlükəsizlik zəmanətləri əldə edəcək. 
 
"Atəşkəs təklif edən, amma təhlükəsizlik zəmanətlərinə qarşı çıxan lider, sadəcə, boşboğazdır", - Zelenski deyib. "Əvvəlcə atəşkəs, sonra baxarıq? Siz kimsiniz ki, belə bir şey təklif edirsiniz? Bəyəm sizin övladlarınız həlak olur, yoxsa sizin evləriniz dağıdılır? Siz nədən danışırsınız?", - prezident qəzəbini gizlətməyib.
 
O, vurğulayıb ki, Rusiya 2014-cü ildə Donbasda atəşkəsdən istifadə edərək tammiqyaslı müharibəyə hazırlaşıb. "Bu, Ukraynanın işğalının davam etdirilməsinə aparır və Ukraynanın suverenliyini dağıdır. Bunu yalnız "divan ekspertləri" tələb edə bilər.
 
"Bu adamlar müharibəni yaşamayıb, onu yalnız kitablarda və filmlərdə görüb. Belələri aylarla, illərlə Putinlə ünsiyyətdə olanlar, onu bağrına basanlar, amma onunla heç vaxt döyüşməyənlərdir. Bu analitiklər müharibəni, onun nəticələri və risklərini dərindən anlamır", - Zelenski vurğulayıb.
 
Zelenski qeyd edib ki, Donald Trampın vəd etdiyi müharibənin tez bir zamanda başa çatdırılması Ukrayna üçün müəyyən itkilər demək olacaq. Lakin ABŞ-ın növbəti prezidentinin sülh təşəbbüsləri predmetli olaraq hələ müzakirə edilməyib.
 
Dövlət başçısı qeyd edib ki, son zamanlar onun Trampla o cümlədən sentyabr ayında Nyu-Yorkda bir neçə yaxşı söhbətləri olub. "Lakin bu söhbətlər predmetli olmalıdır və istənilən halda ən azı iki tərəf buna hazırlaşmalıdır", - Zelenski deyib.
 
Ukrayna prezidentinin fikrincə, Donald Tramp həqiqətən müharibənin tez bir zamanda başa çatdırılmasını istəyir. "O, bunu istəyirsə, o demək deyil ki, belə alınacaq. Mən burada irad tutmuram. Mən, sadəcə, deyirəm ki, biz olduğumuz yerdəyik, biz rusiyalılarla müharibədəyik. Bu, faktdır və bu, əsrin ən mürəkkəb düşmənidir", - Zelenski vurğulayıb.
 
Onun sözlərinə görə, istənilən qərara hazırlaşmaq lazımdır. "Biz müharibənin ədalətli sonluğunu istəyirik. Mən əminəm ki, müharibənin tez bir zamanda başa çatdırılması Ukrayna üçün itkilər deməkdir. Mən bu ideyanı anlamıram. Biz bu barədə prezident Trampla danışmamışıq. Düşünürəm ki, o öz komandası ilə bu və ya digər təkliflər hazırlayacaq.
 
Düşünürəm ki, bütün bunlar qarşıdadır. Bir şey mənə aydındır ki, o, həqiqətən bu müharibəyə tez bir zamanda son qoyulmasını istəyir. Lakin yenə də deyirəm, əgər bu "savaşın sona yetməsi naminə" ediləcəksə, o zaman Ukrayna üçün itkilər qaçılmaz olacaq. Biz hamımız müharibənin ədalətli sonluğu istəyirik", - Zelenski vurğulayıb.
 
Trampın sülh planı
 
Xəbər verildiyi kimi, Donald Tramp dəfələrlə ABŞ prezidenti seçiləcəyi təqdirdə Ukraynada müharibəni 24 saat ərzində başa çatdıracağı ilə bağlı vədini təkrarlayıb. Lakin o, heç vaxt öz planının təfərrüatlarını açıqlamayıb.
 
Sentyabr ayında Nyu-Yorkda Vladimir Zelenski ilə görüşündən sonra Tramp seçkilərdə qalib gələcəyi təqdirdə özünün andiçmə mərasiminədək Ukrayna ilə Rusiya arasında müharibənin başa çatdırılması məqsədilə "nələrisə işləyib hazırlayacağını" vəd edib.
Seçilən
8
moderator.az

1Mənbələr