AZ

Zəfərimiz bütövlükdə Türk Dünyasının qürur günü kimi tarixə düşdü – Rəy

Yazını böyüt
Yazını kiçilt

“Bu il düşmən işğalı altında olan torpaqların azad olunmasında 4 il ötür. Bu Zəfər ölkə rəhbərinin qətiyyətinin, Azərbaycan ordusunun qüdrətinin, xalqımızın milli birliyinin nəticəsində əldə olundu”.

Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov deyib. O, tarixin müəyyən mərhələlərində Azərbaycan dövlətinə və xalqına qarşı yönələn siyasi ədalətsizlik fonunda 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən Müharibəsi və qazanılan Zəfəri xalqımızın, bütövlükdə Türk Dünyasının qürur, şərəf və iftixar günü kimi tarixə düşdüyünü bildirir.

R.Bayaramov güclü ordu və effektiv diplomatik fəaliyyət olmadan torpaqlarımızın işğaldan azad olunmasını, hərbi əməliyyatların başlanmasını mümkünsüz sayır. O bildirir ki, Vətən Müharibəsi Azərbaycanın müharibədən əvvəl həm ordu quruculuğu, həm də beynəlxalq fəaliyyət istiqamətində olduqca mühüm işlər gördüyünü isbat edən əsas faktordur:

“Məlum oldu ki, ötən illər ərzində ordumuzun döyüş qabiliyyəti möhkəmlənib, müasir silahlarla təhciz olunub, müdafiə sənayesinin yaradılması istiqamətində olduqca böyük addımlar atılıb. Ölkəmiz aparıcı beynəlxlaq təşkilatlarla əməkdaşlıq edərək münaqişənin həlli üçün hüquqi baza yaratmağa da nail olub. Çünki biz bu illər ərzində BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qətnamələri qəbul etməsinə nail olmuşduq. Digər tərəfdən isə işğalçı və regional layihələdən təcrid olunmuş Ermənistanla müqayisədə Azərbaycan transmilli layihələrlə regionda tamamilə yeni bir mənzərə yaratmağa nail olmuşdu. Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib edərək  beynəlxalq nüfuzunu gücləndirmək istiqamətində böyük addımlar atmışdı. Bütün bunlar hamısı müharibəyə başlamaq və qələbəmizi təmin etməyə imkan verdi”.

Politoloq 44 günlük Vətən savaşının qələbə ilə nəticələnməsində əsas amil kimi milli birlik və insanlarımızda yaranan inam və ümid hissini önə çəkib. O, hesab edir ki, birbaşa cəbhə bölgəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bir sözlə, bütövlükdə xalqımız 44 gün ərzində böyük əzm və iradə göstərərək bir yumruq kimi birləşdiyi üçün bu gün Ermənistan və onun havadarlarının üzərində qələbəmizin 4-cü ildönümünü şərəflə qeyd edirik.

Seçilən
30
hafta.az

1Mənbələr