AZ

AYİB COP29 çərçivəsində iri kredit sazişləri imzalamağı planlaşdırır

Bakıda keçiriləcək COP29 Konfransı çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mühüm "yaşıl" təşəbbüsləri həyata keçirməyi və iri kredit sazişləri imzalamağı nəzərdə tutur.

Day.Az AYİB-ə istinadən xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının İqlim Strategiyası üzrə icraçı direktoru Harri Boyd-Karpenter bildirib.

"Bu il COP-un əsas mövzusu iqlim maliyyələşdirilməsidir. Regionumuzda iqlim maliyyələşdirilməsinin lideri və özəl kapitalın ən güclü səfərbər edən tərəfdaş olaraq, biz böyük "yaşıl" təşəbbüsləri həyata keçirməyi, iri kredit sazişləri imzalamağı və iqlim maliyyələşdirilməsi üzrə müzakirələrdə fəal iştirak etməyi planlaşdırırıq", - o bildirib.

Qeyd olunur ki, AYİB Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. Bu, bankın iqlim təşəbbüslərinin maliyyələşdirilməsində və özəl investisiyaların səfərbərliyində lider kimi mövqeyini təsdiqləyir.

AYİB-in konfransdakı nümayəndə heyətinə bankın prezidenti Odil Reno-Basso, birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıqlar üzrə vitse-prezident Mark Boumen və iqlim strategiyası və tətbiqi üzrə icraçı direktor Harri Boyd-Karpenter daxildir.

2023-cü il ərzində bank "yaşıl" maliyyələşdirmə üçün 6,5 milyard avrodan çox vəsait ayırıb ki, bu da onun ümumi investisiyalarının 50 faizini təşkil edir.

 

AYİB tərəfindən təşkil olunan bir sıra tədbirlər canlı yayımlanacaq və geniş auditoriyaya bankın son iqlim təşəbbüsləri və özəl maliyyələşdirmə ilə "yaşıl" innovasiyalar vasitəsilə dəyişikliklərə nail olmaq strategiyası haqqında məlumat veriləcək.

Bankın məlumatında vurğulanır ki, AYİB çoxmilli inkişaf bankları arasında iqlim layihələri üçün özəl maliyyənin səfərbər edilməsində birinci yerdədir.

COP29-da iqlim maliyyələşdirilməsini sürətləndirməyə yönəlmiş səylər çərçivəsində AYİB digər çoxmilli inkişaf bankları ilə əməkdaşlıq edərək, milli və özəl iqlim hədəflərinə dair ambisiyaları artırmağa, eləcə də, özəl kapitalın cəlbini aktivləşdirməyə çalışacaq.

Qeyd edək ki, AYİB Qafqazda ən böyük institusional investor olmaqla, Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərir. Bankın ölkəyə yatırdığı ümumi investisiya məbləği 190 layihə vasitəsilə 3,7 milyard avroya çatıb.

Bu layihələr arasında ölkənin ilk sənaye miqyaslı günəş və külək elektrik stansiyaları, eləcə də, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə həyata keçirilən dayanıqlı infrastruktur təşəbbüsləri də yer alır.

Seçilən
1
1
day.az

2Mənbələr