AZ

Vinisius təntənəli məclisi ləğv etdi, “Real” UEFA ilə münaqişəyə girdi

Parisdəki Şatle teatrında keçirilən “Qızıl top”un təqdimat mərasimi haqda yazmışdıq, qaliblərin adını xatırlatmışdıq.

Heç şübhəsiz, oktyarın 28-də bu mükafatın tarixindəki ən qalmaqallı təqdimat mərasimlərindən biri gerçəkləşdi. “Qızıl top” “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodriyə çatdı, hərçənd “Real” düşərgəsi qarışıq bir çoxları braziliyalı vinger Vinisiusun qələbəsini gözləyirdilər. Bazar ertəsindən bəri mərasimdə yaşananlar informasiya məkanını zəbt edib. Belə görünür ki, söz-söhbət hələ uzun müddət sürəcək. Bəs mərasim ətrafında nələr baş verib?

Doğrudanmı, “Real” hər şeydən son anda xəbər tutub?
Belə görünür ki, bəli. Uzun müddət “Qızıl top” ətrafında hansısa məxfilik yox idi, qaliblər xeyli əvvəldən bilinirdi, hətta xoşbəxt futbolçu haqda film çəkilir, təqdimat mərasimində göstərilirdi. Nəticələr də, adətən, mediaya erkən sızırdı, bu üzdən “France Football”un nüfuzlu mükafatı ətrafında, demək olar ki, heç bir intriqa olmurdu. Təbii, ənənəvi Messi – Ronaldo rəqabətini unutmamaq şərti ilə.

Amma adı çəkilən jurnal bu il yanaşmanı dəyişdi – mümkün qalibin kimliyindən nəinki klublar, hətta redaksiyada çalışanların əksəri də xəbərdar deyildi. Ancaq Rodrinin qələbəsi haqda informasiya bazar günü hansısa yolla MS-nin düşərgəsinə çatdı. “The Athletic”ə inansaq, ingilislər də bundan “kral klubu”nu xəbərdar ediblər.

“Real”dan Parisə Butragenyo gedəcəkdi, ancaq o da...
Vinisiusun “Qızıl top”a həsrət qalmasıyla bağlı xəbər faciə və sürpriz oldu. “The Athletic” də iddia edir ki, “Real”da mükafatı məhz braziliyalının alacağına əmin imişlər. Ancaq Vinisiusun səsvermədə qalib gəlməməsi belə mükafatlandırma mərasiminə qatılmamağın həlledici səbəbi olmayıb. Məsələ başqadı.

“Real”da belə hesab ediblər ki, braziliyalı da olmasa, Dani Karvaxal mükafatı qazanmalıdı. Axı Rodri kimi o da son Avropa çempionatının qalibidi. Bu da baş vermədiyindən madridlilər nəticələri UEFA tərəfindən təhqir kimi qiymətləndiriblər. “The Athletic” klubdakı qaynağın bu sözlərinə yer verib:

“Vinisius meyarlara uyğun gəlmirsə, onda Karvaxal uyğun gəlir. Bu da olmadığından, belə nəticəyə gəldik ki, “Qızıl top”un təşkilatçıları bizə hörmət etmir”.

Madridliləri qıcıqlandıran daha bir məqam odu ki, “France Football”un redaksiyası klubla təmas qurmaqda qətiyyən maraqlı olmayıb. Nəşrdən qalibin adını təsdiqləməkdən imtina ediblər və “Real” belədə qəti şəkildə qala-konserti boykot etməyə qərar verib. Yuxarıda adını çəkdiyimiz nəşrin iddiasına görə, söhbət təkcə Vinisiusla həmrəy olmaqdan getmir (hərçənd bu məqam da önəmlidi), Madrid klunun təmsilçiləri mərasimdə axmaq kimi görünmək istəməyib. Direktorlar Şurası belə qərar verib ki, hadisələrin belə axarına layiqincə hazırlaşmaq üçün vaxt azdı. Bu üzdən “Real” düşərgəsi mərasimə qatılmamaq yolunu tutub.

Ancaq Madrid klubu üçün başqa mükafatlar da nəzərdə tutulduğundan rəhbərlik əlaqələr üzrə direktor Emilio Butragenyonu Parisə göndərmək istəyirmiş. Sadəcə, bazar ertəsi bu düşüncədən də vaz keçiblər, total boykot taktikasını seçiblər. “Qızıl top”un təşkilatçıları yalnız mərasimin başlamasına az qalmış zalın ilk cərgəsində Vinisiusla komanda yoldaşı Bellingemin adının olduğu lövhələri götürüblər.

Vinisius irqçiliyin qurbanı olduğunu düşünür
Braziliyalı vingerin məyusluğunun dərəcəsini təsəvvür etmək çətindi. Vinisius qələbəsinə necə əmin olubsa, şənbə günü keçirilən “El Klasiko”da onu qıcıqlandıran Qaviyə belə deyib:

“Hə-hə, 4 qol vurmusuz, ancaq bazar ertəsi mən “Qızıl top”u almağa gedirəm”.

Bundan başqa, braziliyalı Parisdəki restoranlardan birini “bron edib”, Braziliyadan da qonaqlar çağırıb, hətta gələnlərin hər birinə qələbəsi şərəfinə bahalı “Rolex” saatları bağışlamağı planlaşdırırmış. Düzdü, qonaqların sayı ilə bağlı fərqli rəqəmlər var – bəzi nəşrlər 20, bəziləri isə 100 üzərində dayanır. İstənilən halda, bahalı və kütləvi mərasim planlaşdırılmışdı - əlbəttə, onun ləğvi Vininin özünəvurğunluq hissinə ciddi zərbə vurub.

Təkcə “Real”ın ulduzu yox, onun sponsoru – “Nike” şirkəti də qələbə təntənəsinə hazırlaşmışdı. Adı çəkilən brend qələbə şərəfinə xüsusi buts hazırlamışdı, Madridin mərkəzində butik açmağı planlaşdırırdı. Bundan başqa, “Marca”nın yazdığına görə, “Nike” vingerin zəfərindən sonra İspaniya paytaxtındakı dükanını qızılı rəngə bürümək istəyirmiş. Amma bütün bu planlar düzəlişə məruz qaldı.

Vinisiusun acı tortunun üzərindəki albalı isə onun “Valensiya”dan qisas almaq planının pozulmasıdı. “Real” noyabrın 2-də “Mestalya”ya, bəli-bəli, braziliyalının 2023-cü ildə irqçi qalmaqalla üzləşdiyi stadiona yollanacaqdı (düzdü, sonradan bu oyun təxirə salındı – red.). Onda azarkeşlər oyunboyu onu təhqir etmişdi. İş o yerə çatdı ki, Vinisius elə meydanda ağladı, İspaniyanı tərk etmək fikrinə düşdü, hətta Braziliya prezidenti də onun müdafiəsinə qalxdı. Vini “Qızıl top”u alandan sonra onu qalmaqalın yaşandığı stadiona aparmaq, ona nifrət edənlərə gözdağı vermək istəyirdi. Qisas planı, sadəcə, iflasa uğradı.

Mükafat ətrafında yaşananlar braziliyalını sarsıdıb. İspaniya mediası xəbər verir ki, Rodrinin qələbəsi haqda xəbəri ona şəxsən “Real”ın prezidenti Florentino Peres “vatsap”da çatdırıb. Şoka düşən ulduz bir qədər sonra ictimaiyyətə müraciət etmək üçün özündə güc tapıb və sosial şəbəkədə belə bir müəmmalı mesaj yazıb:

“Lazım gəlsə, daha 10 dəfə bunu bacararam. Onlar hazır deyillər”.

Bu mesajı anlayanların sayı az olsa da, sonradan futbolçunun ətrafı söhbətin irqçilklə mübarizədən getdiyini izah edib. Vinisius belə hesab edir ki, onu məhz bu səbəbdən mükafatsız qoyublar, ancaq mübarizəni davam etdirmək fikrindədi. Bizdən ona yalnız uğur arzulamaq və iqrçiliklə mübarizəyə görə heç kimə “Qızıl top” verilmədiyin xatırlatmaq qalır.

Fakt
Rodri tarixə “Qızıl top”u qazanan 3-cü ispaniyalı kimi düşdü. Bu nüfuzlu mükafatı qazanan sonuncu ispaniyalı “Barselona”nın yarımmüdafiəçisi Luis Suares (1960) olmuşdu. Ona qədər isə “Real”ın forvardı Alfredo Di Stefano 1957-ci və 1959-ci illərdə, yəni iki dəfə “Qızıl top” qazanıb.
Seçilən
4
34
football-plus.az

10Mənbələr