AZ

Zəfərə gedən yolun zirvəsi ‒ Şuşa

28 il Ermənistan Silahlı Qüvvələrinin əsarətində qalan Şuşa şəhərinin azad edilməsi Azərbaycan tarixinin ən şanlı qələbəsi, qürurverici səhifəsidir. Sentyabrın 27-də başlayan Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin ən ali zirvəsi və Ermənistanın kapitulyasiyasına aparan yolun son dayanacağı məhz Şuşa Zəfəridir.
 
Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin son akkordlarından biri olmaqla, işğalçı dövlətin təslim aktını imzalamasına səbəb oldu. Bu baxımdan noyabrın 8-i Azərbaycanın müasir tarixində xüsusi əlamətdar yer tutur. Bu tarixi-siyasi hadisənin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis olunub.
 
Şuşa hər zaman Azərbaycanın tarix və mədəniyyət simvolu, Qarabağın baş tacı olub. Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”. Şuşanın inkişafında, böyüməsində onun misilsiz xidmətləri olub.
 
Azərbaycana birinci rəhbərliyi dövründə Ulu Öndər Şuşada nəhəng quruculuq işləri həyata keçirib, şəhərin iqtisadi-sosial, humanitar həyatında əhəmiyyətli yüksəlişləri təmin edib, zəngin mədəni irsinin təşviqinə töhfə verib. Heydər Əliyev bu şəhərin doğma sakinləri olan sənət və mədəniyyət xadimlərinin hamisi olub, azərbaycançılıq məfkurəsini hər bir şuşalının şüurunda həkk etdirib.
 
Ulu Öndər 1970-ci illərdə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edərək tarixi binaları və mədəniyyət abidələrinin bərpası, yeni çoxmərtəbəli yaşayış binalarının və böyük mehmanxana komplekslərinin inşası, sosial və kommunal infrastrukturların yaradılması üçün genişmiqyaslı tədbirləri həyata keçirilib. Şuşa şəhərinin “Qala divarları” əsaslı şəkildə bərpa olunub. 1980‒1981-ci illərdə Vaqifin məzarı üstündə möhtəşəm abidə, türbə ucaldılıb, 1982-ci il yanvar ayının 14-də Ulu Öndərin iştirakı ilə Vaqifin abidəsinin, həmin ilin avqust ayında isə Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimləri keçirilib.
 
Şuşanı abidələr şəhəri adlandıran Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Şuşa ümumittifaq səviyyəli kurort və mədəniyyət şəhərinə çevrildi. Həmin vaxtlar ittifaq respublikalarından insanlar Şuşaya istirahətə gələrək Azərbaycanın tarixi, mədəniyyəti, zəngin incəsənəti ilə tanış olurdular.
 
Ulu Öndər Şuşada, Qarabağda milli ruhun yüksəldilməsini, bu bölgənin qorunmasını hər zaman diqqətdə saxlayırdı, erməni milliyyətçilərinin Qarabağın Ermənistana birləşdirmək kimi məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermirdi. Bu tarixi arayış bütün çılpaqlığı ilə təsdiqləyir ki, Şuşa Heydər Əliyev üçün olduqca doğma ünvan, azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi dəyərlərin birləşdiyi müqəddəs məkan idi.
 
Ümummilli Lider Heydər Əliyevin 1987-ci ildə tutduğu yüksək vəzifədən istefa verməsindən sonra ermənilərin Qarabağın işğalı ilə bağlı hazırladığı plan həyata keçdi və 1992-ci ilin mayında ilk itirilən ərazilərimizdən biri də Şuşa oldu.
 
Həmin dövrdə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yarıtmaz dövlət idarəçiliyi, yaratdıqları xaos və anarxiya Şuşa kimi ən strateji nöqtənin və alınmaz qalanın itirilməsi ilə nəticələndi.
 
Erməni vandalları 28 il ərzində Şuşada ağlasığmaz terror siyasəti həyata keçirdilər, tarixi, mədəni, dini abidələrimizi məhv etdilər, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vuruldu. Ermənilər Azərbaycanın zəngin və qədim tarixi irsini silərək özününküləşdirməyə çalışdılar, ancaq buna nail ola bilmədilər.
 
İşğal altında olan bütün rayonlarımızın, xüsusilə də Şuşanın azadlığı hər zaman Ulu Öndərin ən böyük arzusu idi. O, qəti əmin idi ki, Şuşa və digər rayonlarımız erməni işğalından azad ediləcək. Onun “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” fikri dərin inam və doğma Şuşanın mütləq qayıdışına olan əminliyin ifadəsi idi. Onun bu arzusunu Müzəffər sərkərdə İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimiz gerçəkləşdirdi.
 
Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, “Şuşasız bizim işimiz yarımçıq qalar”. Müharibənin ilk günündən dövlət başçısının və ordumuzun əsas hədəflərindən biri Şuşanı işğaldan azad etmək idi. Ordumuz bu məqsədinə 2020-ci il noyabrın 8-də qazandığı Şuşa qələbəsi ilə çatdı. Şuşanın azad edilməsi müjdəsini xalqa çatdıran Prezident vurğulayırdı ki, “Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür”. Beləliklə, cənab Prezident Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı müqəddəs amalı məntiqi sonluğuna çatdırdı.
 
Azərbaycan əsgər və zabitlərinin Şuşada yazdığı Zəfər salnaməsi ilə müasir dünya hərb tarixinə özünün peşəkar qalibiyyət nümunəsini, XXI əsrin döyüş taktikasını təqdim etdi. Şuşanın azad edən Ordumuzun qəhrəmanlıq salnaməsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.
 
ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-nin Milli Müharibə Kollecinin və “Seton Hall” Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.
 
Şuşanın strateji əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyükdür və bu şəhərin azad edilməsi ilə müharibənin taleyi də həll edildi. Ermənistan ağır məğlubiyyətini dərk edərək təslim oldu. Şuşa strateji məqsədin son ünvanı olan Xankəndinin də azad edilməsinin qalibiyyət qapısı oldu. 2023-cü ilin sentyabrın 19‒20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi, Azərbaycanın dövlət suverenliyi büsbütün bərqərar oldu. Qarabağda terrorçuların və qondarma rejimin mövcudluğuna əbədi son qoyuldu.
 
2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı və şəhərin quruculuq və dirçəlişinin təməlləri qoyuldu, bərpa, quruculuq və yenidənqurma işləri, infrastrukturun bərpasına start verildi, şəhər öz tarixi görkəmini və əzəmətinə qovuşmağa başladı.
 
Ötən 4 ildə Prezident İlham Əliyev Şuşaya 25-dən çox səfər edib, yeni obyekt və müəssisələrin təməllərini qoyub, açılışlarını edib. Bu ərazilərdə böyük quruculuq layihələri dayanmadan fasiləsiz həyata keçirilir, inzibati binalar, mehmanxanalar, mədəniyyət və sosial müəssisələr inşa edilib, zəruri infrastrukturlar, nəhəng nəqliyyat qovşaqları yaradılıb, 101 kilometr uzunluğunda “Zəfər Yolu” istifadəyə verilib, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. Şuşada qısa müddətdə inşa edilən yeni məktəb, bərpa edilən məscidlər, digər əhəmiyyətli obyektlər də qapılarını insanların üzünə açıb, yaşayış binalarının tikintisi başa çatıb və cari ilin may ayında doğma sakinlər öz evlərinə qayıdaraq şəhərin qaynar həyat ritmini bərpa ediblər.
 
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Şuşadakı tarixi irs və mədəni ənənələr bərpa olunur, artıq bir neçə ildir ki, “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” öz ənənəvi təntənəsi ilə qeyd edilir. Şuşada beynəlxalq tədbirlər, konfranslar keçirilir, Şuşa regional və qlobal məsələlərin müzakirə olunduğu məkan kimi dünyada tanınır.
 
2021-ci il iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması milli maraqlarımız baxımından müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olmaqla yanaşı, bu şəhərin strateji mövqeyini əks etdirir. Eyni zamanda, 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə gorüşünün keçirilməsi və “Qarabağ Bəyannaməsi”nin imzalanması Şuşanın bir daha siyasi əhəmiyyətini nümayiş etdirdi.
 
Şuşa dostluq, qardaşlıq, həmrəylik, tolerantlıq şəhəridir, milli xəzinədir. Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi tarixi-mədəni, ictimai-siyasi mərkəz kimi mötəbərliyinin göstəricisi, xüsusi ehtiramın ifadəsi və həmrəyliyin rəmzidir.
 
Ramid Namazov
Milli Məclisin deputatı
Seçilən
4
1
sherg.az

2Mənbələr