AZ

Rusiya yaxın 25 ildə qaz ixracını 3 dəfə artırmağı planlaşdırır

Rusiyadan təbii qaz ixracının həcmi 2023-cü ildəki 146 milyard kubmetrdən 2050-ci ildə 438 milyard kubmetrə çatacaq.

Musavat.com TASS-a istinadən xəbər verir ki,bu hədəf yenidən işlənmiş “Rusiya Enerji Strategiyası 2050”-də əksini tapıb. Agentliyin məlumatına görə, sənəd hökumətə göndərilib.

Hədəf ssenarisinə əsasən, 2023-cü ildə ixrac üçün qaz tədarükü 146 milyard kubmetr təşkil edib. Bunun 101 milyard kubmetri boru kəməri təchizatının, 45 milyard kubmetri maye qazın payına düşür. 2050-ci ildə qaz ixracının ümumi həcmi 438 milyard kubmetrə çata bilər, bunun da 197 milyardı boru kəməri ilə, 241 milyardı isə maye halda ixrac ediləcək.

Rusiyada qaz hasilatı, strategiyada göstərildiyi kimi, 2023-cü ildə 637 milyard kubmetr təşkil edib. 2030-cu ildə bu rəqəm 853 milyard kubmetrə, 2036-cı ildə 965 milyard kubmetrə, 2050-ci ildə - 1 trilyon 107 milyard kubmetrə çata bilər. Buradan daxili bazara qaz tədarükü 2023-cü ildəki 496 milyard kubmetrdən 2050-ci ilə qədər 669 milyard kubmetrə çatacaq.

Sənəddə vurğulanır ki, qaz sənayesinin inkişafının əsas istiqamətləri Aİ ölkələrinin əməkdaşlıqdan imtinasının mənfi nəticələrinin aradan qaldırılması və ölkə daxilində qaza artan tələbatın qənaətli şəkildə ödənilməsidir. Boru kəməri infrastrukturunun inkişafı və planlaşdırılan LNG layihələrinin həyata keçirilməsi hesabına qaz ixracının həcminin artması gözlənilir.

Strategiya layihəsində Rusiyanın yanacaq-energetika kompleksinin inkişafı üçün yalnız iki ssenari nəzərdə tutulur: hədəf və ətalət. Sənədin yenilənmiş versiyasına daha iki ssenari əlavə edilib: stress ssenarisi və “texniki potensial”. Stress ssenarisi ixrac imkanlarının azalması və xarici əməliyyat şəraitinin ümumi pisləşməsi fonunda yanacaq-energetika sektorunun istehsal göstəricilərinin əhəmiyyətli dərəcədə azalmasını nəzərdə tutur. “Texniki potensial” ssenarisində isə yanacaq-energetika sahələrinin cari və proqnozlaşdırılan texniki səviyyəsinə, infrastruktur məhdudiyyətlərinə əsaslanaraq, lakin iqtisadi rentabelliyi və mümkün həyata keçirilməsinin məqsədəuyğunluğu nəzərə alınmadan istehsal göstəricilərinin maksimum mümkün səviyyələri nəzərə alınır.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr