AZ

Azərbaycandan Lüksemburqa: Prezident Administrasiyasının yüksək çinli məmuru Fransada milyonluq mülkə necə sahib olub?

Prezident Administrasiyasının müxtəlif şöbələrində çalışan Pənah Cahangirovun Fransa və Lüksemburqda qeydiyyatdan keçən və adı "Panama sənədləri”ndə hallanan şirkətlər vasitəsilə əldə etdiyi 5,8 milyon avroluq villa  sonradan prezident İlham Əliyevin köməkçisinin qardaşı Şahin Mövsümova satılıb. 

Foto: Pənah Cahangirov. Ekran görüntüsü CBC kanalından götürülüb

Monako knyazlığı ilə Fransa Rivierası arasında yerləşən Villafrance-sur-Mer istirahət şəhərciyi. Villası və geniş bağçası olan mülk Aralıq dənizinin əsrarəngiz gözəlliyinə qucaq açır. 

2022-ci ilin gəlişinə bir neçə gün qalır. Villanın azərbaycanlı sahiblərini buraya gətirən səbəb heç də yeni ili vətəndən uzaq, sakit bir məkanda qeyd etmək deyildi. Onlar Fransada sahib olduqları daşınmaz əmlak şirkətini ləğv etmək üçün şirkətin hüquqi ünvanında yerləşən "Santa Monica” villasına toplaşmışdılar.

Foto: Manfred Ramin

2011-ci ildə "Santa Monica Investment" MMC-nin səhmlərinin 99 faizi Lüksemburqda qeydiyyatdan keçən "Villefranche Investments S.A.” şirkətindən Pənah Cahangirova, qalan 1 faizi isə müəllimə işləyən həyat yoldaşı Reyhan Hüseynovaya ötürülmüşdü. 

Notarius Mişel Lallemanın təsdiq etdiyi alqı-satqı müqaviləsindən görünür ki, cütlüyün bu səhmlər üçün ödədiyi təkcə 10 000 avro deyildi. Pənah Cahangirov əvvəlki səhmdar "Villefranche Investments S.A.” şirkətinin təxminən 1 milyon avro olan borcunu da satın almışdı.

Elə həmin sənədə görə, "Santa Monica Investment” şirkətinin azərbaycanlı məmur Pənah Cahangirova 264 828 avro borcu da var imiş. Sənəddə borcun yaranma səbəbləri haqqında heç nə deyilmir. 

Lüksemburq şirkəti səhmlərlə bərabər, Azərbaycan vətəndaşı olan investorlara villanın alınması üçün götürülmüş 5,5 milyon avro kredit öhdəliyini də ötürmüşdü. Beləliklə, villa yeni sahiblərinə 5,8 milyon avroya başa gəlmişdi.

Açıq mənbələrdə Cahangirovdan fərqli olaraq, həyat yoldaşı haqqında daha çox məlumata rast gəlinir. Fransanın Fəxri Legion ordeni və Akademik Palma Ordeninin Zabit rütbəsi ilə təltif olunan professor Reyhan Hüseynova həm də Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin vitse-prezidentidir.

Onun atası Kamran Hüseynov Heydər Əliyevlə sovet dövründən tanış idi. Ailənin indiki hökumətlə də sıx bağları var. Reyhan Hüseynovanın hakim partiyanı təmsil edən bacısı Hicran Hüseynova vaxtilə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri olub. Hazırda Milli Məclisin deputatı olan Hicran Hüseynova parlamentin eyni adlı komitəsinə sədrlik edir.

Foto: Fransa İnstitutunun rəsmi səhifəsi

"Santa Monica Investment” MMC-nin alqı-satqısına dair müqavilədə Pənah Cahangirovun iş yeri göstərilməsə də, onun dövlət qulluqçusu olduğu yazılmışdı. 

Rəsmi dövlət qəzetlərində dərc olunan məlumatlara görə, Pənah Cahangirov Prezident Administrasiyasında (PA) regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsini icra edib, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində çalışıb. 

Azərbaycan qanunları dövlət məmurunun bizneslə məşğul olmasını qadağan edir. Qanunun tələblərinə baxmayaraq, məmurlar hələ də gəlir bəyannamələrini açıqlamırlar.

Reyestr sənədi

Pənah Cahangirovla həyat yoldaşının sahib olduqları mülk qarajı, zirzəmisi və üzgüçülük hövuzu olan dubleks tikilidən ibarətdir, həmçinin həyətində, çarhovuzu olan birmərtəbəli tikili də var. Xanım Hüseynova bu villanın həyətindən mavi dənizin qumsal sahillərinə açılan mənzərəni çəkərək sosial şəbəkə hesabında böyük zövqlə paylaşmışdı.

Foto: Reyhan Hüseynova, Facebook

Villa vaxtilə Belçika kral ailəsinə məxsus olan və Alfred Hitçkokun "Oğrunu tut” filminin çəkildiyi Leapolda villasının yaxınlığında yerləşir. Amma Cahangirovun ailəsi  həmin ərazilərdə dincələn yeganə azərbaycanlı məmur ailəsi deyil.

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) hələ 2015-ci ildə dərc etdiyi araşdırmada qeyd edilirdi ki, prezident İlham Əliyev, onun ailəsi və yaxın çevrəsi mütəmadi olaraq Fransa Rivierasında yerləşən Kann və Sen-Trope kimi cazibədar şəhərlərın yaxınlığında yaxtalarla dincəlirlər.

"Santa Monica" villasının 2008-ci ildə imzalanmış satış aktında Pənah Cahangirov və Reyhan Hüseynovanın adına rast gəlinmir. Bunun mülk sahiblərinin xeyrinə olan bir səbəbi var: villanın məsxus olduğu şirkət Lüksemburqda qeydiyyatdan keçən üç şirkətə bağlanırdı.

Həmin şirkətlərdən biri olan "Lannage S.A”nı Lüksemburq Beynəlxalq Bankının (Dexia/BIL) törəmə şirkəti olan "Experta”nın ovaxtkı direktoru Jan Bodoni idarə edirdi.

"Azərbaycan vətəndaşı Fransada daşınmaz əmlak əldə etmək istəyirsə, bunun üçün Lüksemburqda şirkət qurmağa heç bir səbəb yoxdur. Əlbəttə, onlar öz kimliklərini və ya əmlak planlaması kontekstində başqa bir şeyi gizlətmək istəmirlərsə”, – deyə o, "Forbidden Stories”in jurnalistləri ilə telefon danışığında deyib.

Minlərlə şirkət yaratdığını deyən 75 yaşlı Bodoni əlavə edib ki, o, Cahangirovlar ailəsini xatırlamır.

Ofşor maliyyə mexanizmini yaxşı bilən Jan Bodoninin adı 2016-cı ildə Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun ortaya çıxartdığı "Panama sənədləri”ndə yer alan yüzlərlə elektron yazışma və sənədlərdə keçir. 

Həmin sənədlərə görə Bodoni "Experta” üçün 1500 ofşor şirkət yaradıb.

"Santa Monica”  villası 2019-cu ildə Monakoda qeydiyyatdan keçən "Boulevard Side” şirkətinə satılıb. Villanın yeni sahibi Şahin Mövsümov prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümovun qardaşıdır. Şahin Mövsümov həm də Azərbaycanda tikinti, daşımaçılıq və s. işlərlə məşğul olan ən böyük şirkətlərdən biri – "AS Group Investment” MMC-nin təsisçisidir.

Foto: Şahmar Mövsümov. Azərtac

Qeyd edək ki, Şahin Mövsümovun adı hələ villa ilə bağlı alqı-satqı müqaviləsi imzalanmazdan üç il əvvəl tikinti üçün icazə sənədində keçirdi. 

O, bu sənəddə "Santa Monica Investment” MMC-nin adından müraciət edən şəxs qismində çıxış edirdi.

"Santa Monica" villası yeni sahibinə satılandan sonra sökülüb. Onun yerində yeni dəbdəbəli bir villanın tikintisi planlaşdırılır.

Villanın keçmiş sahibi  84 yaşlı orkestr dirijoru Manfred Ramin "France 24”ün jurnalistlərinə deyib ki, o, əvvəllər tanış olduğu Cahangirovlar ailəsini çox yaxşı xatırlayır: "Onlar bizi çox qiymətləndirirdilər, xüsusən də həyat yoldaşı [Reyhan Hüseynova] musiqiyə çox bələd olduğu üçün evdə royal görmək onu sevindirdi [...]".

Cənab Ramin əlavə edib ki, onu Cahangirovlarla tanış edən qonşusu Eldar Qəribov olub. Qəribov Azərbaycanın ən böyük özəl banklarından olan "Unibank”ın sahibidir. 

Reyhan Hüseynovadan bir il əvvəl o da Fransanın Azərbaycandakı səfirliyindən "Fəxri Legion” ordeni alıb. Fransa Rivierasına Cahangirovdan daha əvvəl yerləşən bankir özü də dəniz sahilində 3 milyon avro dəyərində villaya sahibdir.

Pənah Cahangirovu Lüksemburqa bağlayan daha bir şirkət olub. O, 2006-2010-cu illərdə pambıq biznesi ilə məşğul olan "Consolidated Equipments S.A” şirkətinin direktorlarından biri olub. OCCRP-nin əldə etdiyi "Troyka pulyuma araşdırması” ilə bağlı sənədlərə görə, bu şirkət 2007-ci ildə "Continus Coorperation” şirkətindən Dexia Beynəlxalq Bankında açılmış hesabına 256 300 dollar qəbul edib. 

Pənah Cahangirovun hesabına isə texniki malların alınması məqsədilə 30 000 avro köçürülüb. 

Qeyd edək ki, Cahangirovlara məxsus villanın alınması üçün nəzərdə tutulan kredit də bu bankdan götürülmüşdü. 

"Consolidated Equipments S.A” şirkətinin direktorlarından biri də geniş biznes əlaqələrinə malik azərbaycanlı biznesmen Xəqani Bəşirov olub. O, səhmlərinin 50 faizindən çoxu dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı açılan cinayət işindən sonra saxlanılmışdı.

"Azadlıq Radiosu” yazırdı ki, Bəşirov ABB-dən iki il ərzində müxtəlif şirkətlər vasitəsilə 185 milyon dollar həcmində götürdüyü kreditləri qaytarmamaqda ittiham olunurdu. Buna baxmayaraq, o, 5 ay sonra azadlığa buraxılıb.

Foto: Xəqani Bəşirov, ekran görüntüsü jurnalist Eynulla Fətullayevin Youtube kanalından götürülüb

Xəqani Bəşirov "Forbidden Stories”in jurnalistləri ilə telefon danışığında deyib ki, Pənah Cahangirov dövlət qulluqçusu olmazdan əvvəl pambıq biznesilə məşğul olub. 

Onun dediklərinə görə, Cahangirov 25 il ABB-nin keçmiş direktoru Cahangir Hacıyevin tapşırığı ilə bu sektorda çalışıb.

"2000-ci illərin sonunda Pənah Cahangirovun Cahangir Hacıyevlə problemləri var idi, bank daha onunla əməkdaşlıq etmək istəmirdi. O, hər şeyini itirdi, hər şeyi satmağa məcbur oldu”, – deyə Xəqani Bəşirov əlavə edib.

Qeyd edək ki, ABB ilə bağlı açılan cinayət işindən sonra Böyük Britaniya hökuməti Londonda Cahangir Hacıyevin ailəsinə məxsus 14 milyon funt sterlinq dəyəri olan mənzil və qolf klubunu müsadirə edib. Xəqani Bəşirovun adı çirkli pulların yuyulması ilə bağlı açılan bu cinayət işində də keçir. 

OCCRP-nin Milli Cinayət Agentliyindən əldə etdiyi sənədlərdə qeyd olunur ki, Bəşirov Azərbaycanda qeydiyyatdan keçən "Ves Consultancy” MMC vasitəsilə Britaniyada Cahangir Haciyevin ailəsinə məxsus qolf klubu, şəxsi təyyarə və bir sıra yaşayış evlərinin alınması məqsədilə çoxsaylı pul köçürmələrinə şərait yaradıb.

Lüksemburqun hüquq-mühafizə orqanları da Xəqani Bəşirovun keçmiş  fəaliyyətinə nəzarəti gücləndirir. Lüksemburq dövlət prokurorluğundan "Forbidden Stories”in sorğusuna verilən cavabda bildirilir: "Bu ilin oktyabrında baş tutan 4 günlük dindirmə çərçivəsində cənab Bəşirov saxtakarlıqda, çirkli pulların yuyulmasında və peşə öhdəliklərinin pozulmasında ittiham edilib”. 

Bəşirov özü isə "Forbidden Stories”ə açıqlamasında bu ittihamlarla razılaşmadığını bildirib: "Lüksemburq illərlə bu işlərin görülməsinə icazə verir, sonra isə suallar verməyə başlayır! (...) Başqa yerdə belə şeylər olmur, bu qanuna ziddir!”.

"Forbidden Stories" Pənah Cahangirovla bağlı Prezident Administrasiyasına göndərdiyi suallara cavab ala bilməyib. 

Cahangirovun həyat yoldaşı Reyhan Hüseynova isə "Abzas Media”nın əməkdaşı ilə telefon danışığında villanın illər əvvəl satıldığını və daha onlara məxsus olmadığını deyərək dəstəyi asıb. 

O, araşdırma dərcə gedən ərəfədə villanın həyətindən çəkilən dəniz mənzərəli fotonu artıq öz sosial media hesabından silmişdi.

Müəllif: "Abzas Media” 

Araşdırma "Forbidden Stories" Konsorsiumunun "Abzas Media”nın jurnalistlərinin həbsindən sonra onların yarımçıq qalan araşdırmalarını davam etdirmək üçün  başlatdığı "Bakı ilə bağlantı" layihəsi çərçivəsində hazırlanıb.

Araşdırmaya töhvə verənlər: Leyla Mustafayeva ("Abzas Media”), Eloize Layan və Youssr Youssef("Forbidden Stories”), Karina Chabour ("France 24”), Roméo Langlois ("France 24”), Sebastian Seibt ("France 24”), Pierre Sorlut(d’Lëtzebuerger Land), James Dowsett (OCCRP)  Kelly Bloss(OCCRP).
Seçilən
58
50
arqument.az

10Mənbələr