...Rusiyanın Kursk vilayətində yerləşən və avqust ayından Ukraynanın nəzarətində olan Sudjadan olan məcburi köçkünlər yerli hakimiyyət orqanlarının diqqətini öz vəziyyətlərinə cəlb etmək üçün Kursk şəhərinin mərkəzində aksiya keçiriblər.
SİA xəbər verir ki, yerli Telegram kanallarının məlumatına görə, aksiya bazar günü, noyabrın 10-da şəhərin əsas meydanında baş tutub.Mitinq iştirakçıları administrasiya rəsmiləri ilə görüşüb və Rusiya ilə Ukrayna arasında müharibə vəziyyətinin rəsmi tanınmasını tələb ediblər.
...Və Rusiya hakimiyyəti isə bunu müharibə yox, “xüsusi hərbi əməliyyat” adlandırıb.
Onlar həmçinin döyüş bölgəsində tutulan Kursk vilayətinin digər yaşayış məntəqələrinin sakinlərini də təxliyə etməyə çağırıblar.
Yerli hökumət orqanları ilə qarşılıqlı əlaqə şöbəsinin müdiri Anatoli Droqan etirazçılarla görüşə çıxıb. O, görüşü “qanunsuz” adlandırıb və aksiyanın təşkilatçılarının adının açıqlanmasını tələb edib.
Droqan insanları dağılışmağa çağırıb və ictimai qəbul otağında kollektiv müraciət tərtib etməyi təklif edib.
Lakin məcburi köçkünlər “harada donduqlarının vecinə deyil, onsuz da evdə deyillər” deyərək meydanı tərk etməkdən imtina ediblər. Cavabında rəsmi qeyd edib ki, “sərhədi təslim etməkdə günahkar olanların hamısı cəzalandırılacaq”.
Qeyd edilməlidir ki, mitinqdən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Əli Babayev