AZ

COP29 cəmiyyətin bütün nümayəndələri arasında ittifaqlar yaratmaq üçün məkandır - Məhəmməd Usrof

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz - Fələstin Gənclərinin İqlim Danışıqları Qrupunun rəhbəri Məhəmməd Usrofdur.

Milli.Az xəbər verir ki, Məhəmməd Usrof Trend-ə açıqlamasında bildirib ki, COP29 cəmiyyətin bütün nümayəndələri arasında ittifaqın yaradıldığı məkandır.

"Söhbət Cənub və Şimalla, gənclərlə, yerli xalqlarla, həssas icmalardan olan müxtəlif mənşəli insanlarla və s. ilə ittifaqlar qurmaqdan gedir. Bu, onları təmsil etmək və ədaləti yerinə yetirmək üçün bir məkandır. İnsan hüquqları olmadan ədalət ola bilməz, insan hüquqları olmadan iqlim ədaləti ola bilməz", - o bildirib.

Usrof qeyd edib ki, cəmiyyət insan hüquqlarının özünün konsepsiyasını və məsələsini müzakirə edib, aydınlaşdırmağa ehtiyac duyur.

"Düşünürəm ki, biz elə bir dünyada yaşayırıq ki, bir insanın səhvi milyonlarla insana real zərər verə bilər. Və eyni zamanda, danışıqların bir mövzusu bir çox insana fayda verə bilər. Ona görə də bu danışıqlarda maraqlı olanlar çoxdur", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Seçilən
1
9
milli.az

3Mənbələr