"Xarici mətbuatda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin seçilmiş lideri Donald Tramp arasında telefon danışığının baş tutması barədə xəbərlər yalandır, belə bir söhbət olmayıb".
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
"Söhbət olmayıb. Bu, qəti şəkildə həqiqətəuyğun deyil, tamamilə uydurmadır", - deyə Peskov qeyd edib.
O, həmçinin iddia edilən söhbət haqqında xəbər yayan "The Washington Post" və "Reuters" nəşrləri ilə bağlı da fikrini ifadə edib, "hətta bəzən kifayət qədər hörmətli nəşrlərdə dərc olunan məlumatların keyfiyyətinin ən bariz nümunəsi" kimi xarakterizə edib.
Xatırladaq ki, ABŞ mətbuatının iddialarına görə, Putin və Tramp Ukraynadakı vəziyyəti və Avropa qitəsində sülhü müzakirə ediblər.
Qeyd edək ki, Putinlə Tramp arasında sonuncu telefon danışığı, Kremlin saytında bildirildiyi kimi, 2020-ci ilin iyulunda baş tutub (həmin aylarda Tramp ilk prezidentlik müddətini başa vururdu). Gündəlikdə dayanan məsələlər arasına müxtəlif beynəlxalq məsələlər, o cümlədən strateji sabitlik də daxil olub. Sonrakı aylarda başqa təmaslar da olub - Putin ABŞ və Fransadan olan həmkarları ilə birlikdə Qarabağla bağlı birgə bəyanat yayıb, həmçinin Trampa teleqram göndərərək COVID-dən tezliklə sağalmasını arzulayıb.
Mənbə: oxu.az