“COP29-un Azərbaycanda keçirilməsi bütün Türk Dünyasının uğurudur. Dörd il əvvəl müharibədən çıxmış bir dövlətin bu gün minlərlə qonağı qəbul etməsi göstərir ki, Azərbaycan ayaq üstədir və ona böyük inam var. Dövlətimiz erməni işğalından sonra vəhşicəsinə dağıdılmış meşələrimizi, çirkləndirilmiş çaylarımızı, talan edilmiş təbii sərvətlərimizi yavaş-yavaş dirçəldir, Qarabağı bərpa edir, bununla bərabar minlərlə insanı qəbul edə bilir. Azərbaycanı COP29-a ev sahibi kimi məhz uğurlarına, ayaqda durmasına görə seçiblər”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, müharibələrin ekologiyanı hansı vəziyyətə gətirib çıxardığı göz önündədir: “Havaya atılan ballistik raketlər, silahlar və s. iqlim dəyişikliyinə, qlobal istiləşməyə səbəb olur. Bu, təkcə Azərbaycanın məsələsi deyil, bütün dünyanı narahat edən məsələdir. İqlim dəyişikliyinin qarşısını almaq məqsədilə bu gün COP29-a gələn bütün dövlət, hökumət başçıları sanki Azərbaycana ümid yeri kimi gəliblər ki, məqsədlərinə nail olsunlar. Əminəm ki, nail olacaqlar. Ən birinci məqsəd yaşıl zonanı qorumaq və buna vəsait toplamaqdır. İspaniyada, Avstraliyada baş verən sel fəlakəti nəticəsində insanlar böyük ziyan gördülər. Xəzər dənizi də getdikcə quruyur. Bu kimi bir çox mühüm ekoloji məsələlər Azərbaycanda müzakirə ediləcək. Konfrans çətin olacaq, amma inanıram ki, həll edəcəklər. Azərbaycan buna nail olacaq. İstərdim ki, COP29 çərçivəsində erməni işğalı nəticəsində ekoloji soyqırımına məruz qalmış şəhərlərimizin 4 il əvvəlki vəziyyəti ilə hazırkı vəziyyətini xarici qonaqlara göstərsinlər. Göstərsinlər ki, Kəlbəcərdə yaşıllığı necə məhv etmişdilər, bu gün isə necə bərpa edirik. Əsl faşizm insanları yaşıllıqdan məhrum etməkdir. Hazırda dünyadakı su qıtlığı da müzakirə olunacaq aktual mövzular sırasındadır. Yüksək texnologiyaya sahib, ekologiyanı çirkləndirən müasir silahların istehsalını həyata keçirən dövlətlər daha çox yatırım etməlidirlər. Təbiətə və insanlara ziyan verməyən əlverişli texnologiyalar yaradılmalıdır. Dünən, bu gün COP29-la bağlı Azərbaycana nə qədər təyyarə gəlib. Onlardan buraxılan qazlar da atmosfer üçün zərərlidir. Bu səbəbdən dəmir yollarının açılması vacibdir. Zəngəzur dəhlizi açılmalıdır. Belə halda atmosfer də az çirklənər, eyni zamanda ucuz başa gələr. Bu, ekoloji baxımdan təmiz yol olacaq. Çox məqsədlərə nail ola bilərlər. İlham Əliyev bir Prezident kimi çox məsuliyyətli addım atdı. Necə ki müharibəni uddu, COP29-da da Azərbaycanı milləti ilə birgə lap ucalara qaldıracaq. Onun cəsarətindən çox şey asılıdır. Çıxışları, atdığı addımlar da bunu deyir. Risk edib bu qədər milləti ölkəmizə dəvət etməsi, hamısına müsbətl münasibət, qonaqpərvərlik nümayiş etdirməsi göstərir ki, COP29 nümunəvi bir konfrans olacaq. Mənim üçün, sadə azərbaycanlı üçün çox qürurvericidir ki, Azərbaycan bu zirvələrə qalxır”.
Aytəkin Qardaşova