Bakıda keçirilən COP29 çərçivəsində sualtı dünya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb.
"Report" xəbər verir ki, COP29 çərçivəsində, "FINS Initiative" (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında baş tutacaq xüsusi panel müzakirələr və sərgi proqramı dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.
Bildirilib ki, fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunmaqla onların qorunmasının vacibliyini ön plana çıxarır. İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər.
"Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb. Məsələn, Danimarka və İslandiyada delfin ovu qanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı, dövlət tərəfindən dəstəklənir və hər il bu ov kvotaları artırılır. Bu balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyük narahatlıq doğurur", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayət deyil: "Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onların həyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinaları vurur və onların həyatı üçün risk yaradır. Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağı müzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və 800-dən çox beynəlxalq alim bu fəaliyyətin sualtı ekosistemlərə zərər verəcəyini bildirərək mədən işlərinin dayandırılması üçün petisiya imzalayıb".
"FINS Initiative" olaraq məqsədimiz bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaqdır. 11 gün ərzində yaşıl zonada qurulmuş pavilyonumuzda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişini təşkil edəcəyik. Məqsədimiz dünya okeanlarının, o cümlədən Xəzər dənizimizin problemlərini müzakirə edərək COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. Ümid edirik ki, bu müzakirələr nəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzər dənizinin və dünya sularının qorunması üçün yeni yollar tapacağıq", - məlumatda əksini tapıb.
Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində suitilərini görmək adi hal idi, amma bu gün nadir hadisəyə çevrilib. Bu onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir. "FINS Initiative" Xəzəri və dünya sularını qorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.