AZ

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12 noyabrda Azərbaycanda Konstitusiya Günü qeyd olunur.

Titul.az xəbər verir ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.

Həmin gündən 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
100
12
titul.az

10Mənbələr