AZ

Böyük Qayıdışın xoş müjdələri

Qarabağ və Şərgi Zəngəzur gündən-günə daha da gözəlləşir, doğma sakinlərinə qovuşduqca, bu yerlərə həyat qayıdır. Vaxtilə erməni vəhşiliyinin qurbanına çevrilmiş yurd-yuvalarımız bir-birinin ardınca yenidən qurularaq yer üzündəki cənnətə çevrilir. Uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı prosesinin sürətləndirilməsi, onlar üçün rahat və müasir standartlara uyğun həyat şəraitinin yaradılması məqsədilə bu gün işğaldan azad edilmiş torpaqlarımızda qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir. Reallaşdırılan məqsədyönlü layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Bərpa-quruculuq işlərinin gedişi, həmçinin əhalinin öz yurdlarına köçürülməsinin təmin edilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hər zaman diqqətdə saxlanılır. Təsadüfi deyil ki, şanlı qələbəmizlə başa çatan 44 günlük zəfər yürüşündən dərhal sonra, 2020-ci il noyabrın 24-də dövlət başçısının sərəncamı ilə işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb, eyni zamanda, həmin ərazilərdə xüsusi idarəetmənin təşkili məqsədilə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılıb.

Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir. Hər növbəti səfər yeni açılışlar, həmçinin yeni təməllərin atılması, mühüm layihələrin icrasının başlanılması ilə yadda qalır. Əsas məqsəd isə təbii ki, məcburi köçkünlük həyatı ilə vidalaşan sakinlər üçün ən müasir standartlara uyğun yaşayış şəraitinin yaradılması, onların qısa vaxtda təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsidir.

Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli prioriteti sırasındadır. Dövlət başçısının 2022-ci il noyabrın 16-da imzaladağı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam da məhz bu prioritetləri reallaşdırmağı hədəfləyən mühüm sənədlərdən biridir. Sözügedən Dövlət Proqramında keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uyğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. 5 illik müddəti əhatə edən həmin proqram çərçivəsində 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub.

Hazırda Dövlət Proqramının icrası tədbirlər planına uyğun olaraq sürətlə davam etdirilir, köç karvanları bir-birinin ardınca yeni salınmış yaşayış məntəqələrinə istiqamət götürür. Prezident İlham Əliyevin 2024-cü il oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılış mərasimində dediyi kimi: “Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik”.

Məlum olduğu kimi, məcburi köçkünlərin öz yurdlarına qayıdışının startı Vətən müharibəsindən 4 il əvvəl, 2016-cı il Aprel döyüşlərinin nəticəsi olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşmən tapdağından azad olunması və yenidən tikilməsi ilə verilib. Bu mənada Aprel döyüşləri şanlı qələbələrimizə aparan yolun başlanğıcı olduğu kimi, 120 ailənin, 1428 nəfərin ilkin olaraq köçürüldüyü Cocuq Mərcanlını da Böyük Qayıdışın ilk müjdəçisi hesab etmək olar.

Şanlı zəfərimizdən qısa müddət sonra isə Zəngilan rayonunun Ağalı kəndinin timsalında dünyada misli görünməmiş sürətlə, əzmlə işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi prosesinə başlanıldı. Böyük Qayıdışın ilk ünvanlarından olan Ağalıya ilk köç 2022-cü il 19 iyulda baş tutub. Hazırda burada 871 nəfərdən ibarət 175 ailənin daimi məskunlaşması təmin edilib. Ağalının ardınca uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərin bir qisminin Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə, həmçinin Laçın rayonunun Zabux və Sus kəndlərinə qayıdışına başlanılıb.

Rəqəmlər də Böyük Qayıdış prosesinin nə qədər sürətlə həyata keçirildiyini göstərir. Belə ki, bu günədək işğaldan azad olunmuş ərazilərimizə, ümumilikdə, 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin, rayonun Zabux kəndində 797, Susda 215 nəfərin, Füzuli şəhərində 3132 sakinin, Şuşa şəhərində 823, Xocalıda 179, Cəbrayıl şəhərində isə 583 nəfərin daimi məskunlaşması təmin edilib. Dövlət başçısının tapşırığı əsasında, sözügedən şəhər və kəndlər tamamilə yenidən tikilib və ya bərpa olunub, bütün zəruri infrastrukturla təchiz edilib, sakinlərin rahat yaşayışı üçün lazımi işlər görülüb.

Əlbəttə ki, qeyd edilən rəqəmlər Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların sayını tam əks etdirmir. Çünki hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, yolların, aeroportların, aqroparkların və digər infrastuktur obyektlərinin tikintisinə əksəriyyəti keçmiş məcburi köçkünlər olmaqla, respublikamızın müxtəlif bölgələrindən minlərlə işçi qüvvəsi cəlb olunub.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) məlumatına görə, bu gün təkcə Xankəndi şəhərində 6 mindən çox insan yaşayır. Onlardan 1300-dən çoxu Qarabağ Universitetində, daha 500 nəfər isə Nizami Gəncəvi adına Xankəndi şəhər tam orta məktəbində işləyənlər və təhsil alanlardır. Ümumiyyətlə, azad edilmiş ərazilərdə həyata keçirilən işlərdə 20 min nəfərdən çox insan çalışır.

44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində heç kimdən yardım almadan viran edilmiş şəhərləri, kəndləri yenidən əsl sakinlərinin müasir yaşayış məskəninə çevirməklə Azərbaycan bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadir qüdrətli bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün bunlar isə bir daha ümid verir ki, tezliklə daha neçə-neçə yurd yerlərimizdə işıqlara qərq olacaq, yeni evlər illər əvvəl olduğu kimi, körpə gülüşləri ilə şənlənəcək.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Seçilən
9
xalqqazeti.az

1Mənbələr