Kriptovalyuta bazarının ən böyük aktivi olan Bitkoin Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra yenidən rekord qırıb. Fed ABŞ seçkilərindən sonra ilk iclasında uçot faizini 25 baza bəndi aşağı saldıqdan sonra Bitkoin 83 min dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Qeyd edək ki, Bitkoinin 2024-cü ildə 60 faizdən çox artması qlobal səhmlər və qızıl kimi ənənəvi aktivləri geridə qoyub.
Bu barədə Moderator.az-a danışan səhm və kripto bazarı üzrə ekspert Orxan Qasımovun sözlərinə görə, Trampın ABŞ prezidenti seçilməsi fonunda FED uçot dərəcəsini azaltdı ki, bu da ölkə iqtisadiyyatının canlanmasına səbəb olacaq:“Tramp biznesmen olduğu üçün biznesi canlandırmağa daha çox səy göstərir. O, ölkə iqtisadiyyatının inkişafını biznesi canlandırmaqda görür. Eyni zamanda, FED-in uçot dərəcəsini azaltması isə inflyasiyanın baş verməsinə səbəb ola bilər”.
O. Qasımov bildirir ki, Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra qızılın ucuzlaşmasına bir qədər fərqli aspektdən baxmaq lazımdır:
“Adətən FED uçot dərəcəsini azaldanda qızıla maraq artdığı üçün qızılın qiyməti qalxır. FED uçot dərəcəsini artıranda isə investorlar daha çox stabil bank istiqrazlarına, şirkət səhmlərinə meyillənirlər. İndi isə əksinə baş verib. FED uçot dərəcəsini azaldıb, amma qızılın qiyməti azalıb. Qızılın qiymətinin azalması iki səbəbdəndir: birincisi, FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etməmişdən əvvəl müəyyən qurumlar tərəfindən FED-in qərarı proqnozlaşdırılır, investorlar isə investisiyaların faizini artırırlar. Belə olan halda, FED uçot dərəcəsini artıranda iqtisadiyyata təsirini göstərmir. Buna investorların investisiya iştahı deyirlər. İkincisi, Bitkoinin qiymətinin artmasıdır. Bitkoin dedikdə bütün altkoinlərlə birlikdə kripto pul dünyası nəzərdə tutulur. İstənilən qlobal fiqur Bitkoinin qiymətinə təsir edir.Tramp da kripto pulları dəstəklədiyi üçün hakimiyyətə gəldikdən sonra Bitkoinin qiymətində artım baş verdi, amma bu müvəqqəti artımdır. Bitkoinin artması və azalmasına başqa səbəblər təsir etməsə, artımın dalınca azalma- yəni korreksiya gəlir. Hazırda istifadə etdiyim kriptovalyutalarda çox böyük bir artım baş vermədi. Düzdür, bu tarixi maksimum kimi qiymətləndirilə bilər, amma kiçik bir artım oldu, sonra yenidən korreksiyaya getməyə başladı. Bu korreksiyanın fonunda Bitkoin növbəti onu həyəcanlandıracaq xəbəri gözləyir. Bu xəbər baş versə, Bitkoin yenidən bahalaşacaq, baş verməsə, ucuzlaşma ehtimalı yüksəkdir”.
Ekspert qeyd edib ki, kriptovalyuta nə qədər qazanclı olsa da, o qədər də risklidir:
“Risk amili daim qazanc amilindən çoxdur. Kripto pulları dərindən analiz etməyən insanlar daim burada pul itirməyə məhkumdurlar. “Pulum var yatırım edim” deyən insanlar burada pullarını itirəcələr.Yəni kriptoya yatırım etmək risklidir və bu risk bazarında ancaq bu sahəni çox dərindən bilən insanlar pul qazanmaq şansına malikdirlər. Kriptovalyutaya yatırım etmədən öncə kripto pulların öyrənməsinə xərc qoymaq, kurslara getmək və ya doğru insanlardan öyrənmək daha məqsədəuyğundur. Bundan sonra qərar vermək daha rahat olar”.