Abxaziyada noyabrın 11-də Suxumda etiraz aksiyaları başlayıb və hələ də davam edir. Səbəb isə o olub ki, noyabrın 11-də ölkənin qondarma Milli Məclisi və qondarma prezidenti Aslan Bjaniya “Abxaziya Respublikası ərazisində çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanun layihəsini imzalayıblar.
İclasdan sonra parlament binası yaxınlığında toqquşma baş verib. Keçmiş deputatlar Ömər Smir, Qarri Kokaya, Almasxan Ardzinba, Ramaz Dzhopua və Aslan Baqateliya hazırkı xalq nümayəndəsi Almas Akabanı döyüblər.
Noyabrın 11-i axşam Abxaziyanın Dövlət Təhlükəsizlik Xidməti davanın təşəbbüskarlarını həbs edib. Bu, sonrakı etirazların başlanğıcı olub. Bir müddət sonra saxlanılanların yaxınları və onların tərəfdarları Suxumda Dövlət Təhlükəsizlik Xidmətinin binası yaxınlığında toplaşıblar. Onlar kütləvi iğtişaşlar törədənlərin azadlığa buraxılmasını tələb edərək, Dövlət Təhlükəsizlik Xidmətinin qapılarını sındırıblar.
Saat 22:30-da etirazçılar paytaxta gedən əsas yolu - Qumista körpüsünü bağlayıblar. Daha sonra daha iki körpü - Aşağı Eşer və Kodor körpüləri bağlanıb. Nəticədə Suxum Abxaziyanın qalan hissəsindən qərbdən və şərqdən təcrid olunmuş vəziyyətdə qalıb. Bunun fonunda müxalifət təkcə həbs olunan 5 nəfərin azad edilməsini deyil, həm də Rusiya ilə investisiya fəaliyyəti haqqında Sazişin ratifikasiyasının cari gündəmdən çıxarılmasını tələb edib.
Qondarma Abxaziya respublikasının baş prokuroru Adqur Aqrba müraciət edərək bildirib ki, “prosessual yoxlama aparılır, onun nəticələri baş verənlərə hüquqi qiymət verəcək”.
Ülviyyə, Hurriyyet.az