Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Qana Prezidentinin ölkəmizə bu səfəri əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə dəvətə görə minnətdarlığını bildirdi və onun yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla vurğuladı.
Qana Prezidenti qeyd etdi ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat yaradıb.
Qonaq bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə etdiyini bildirdi.