Olaylar.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29 çərçivəsində çıxışı zamanı bildirib.
"Mən həqiqətən də Azərbaycanın COP29-a hazırlıq zamanı gördüyü bütün işlərə görə səylərini vurğulamaq və alqışlamaq istəyirəm. Azərbaycanın xeyli az vaxtı var idi və buna baxmayaraq, bir ildən az müddətdə ev sahiblərimiz şəhəri hazırladılar və dünyanın ən böyük iqlim konfransını təşkil etdilər, bu inanılmaz bir nailiyyətdir. Bizi qəbul etdiyinə görə Azərbaycana təşəkkür edirik", - səfir bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.