Bunu COP29 çərçivəsində Dünya Bankının prezidenti Acay Banqa deyib.
"Dünya Bankı iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 15 milli proqram hazırlayıb. Yaxın zamanda bank ayrı-ayrı ölkələrin iqtisadiyyatının əsas sektorlarında bir sıra aktual təşəbbüslərin maliyyələşdirilməsi proqramını elan edəcək. İqlim dəyişikliyinin əsas səbəblərindən biri atmosferə karbon qazının buraxılmasıdır. Mərkəzi Asiya ölkələri alternativ və bərpa olunan enerji istehsalını artırmağı planlaşdırır ki, bu da dayanıqlı inkişaf sahəsində dəyərli təcrübə olacaq.
Bu regionda Çin, Hindistan, Vyetnam və Banqladeş kimi ölkələr də daxil olmaqla 66 ölkə düyü tələbatının 65 faizini təmin edir ki, bu da karbon qazı emissiyalarının artmasına səbəb olur. Dünya Bankı Türkiyə, Pakistan və Misir kimi ölkələrdə irriqasiya sistemlərinin inkişafı və bitkiçilik sahəsində layihələr həyata keçirir ki, bu ölkələr təvazökar, lakin effektiv səyləri sayəsində uğurlar əldə ediblər. Gələcəkdə Dünya Bankı əsas iqtisadi sektorları əhatə edən əlavə təşəbbüslərin maliyyələşdirilməsi proqramına başlamağı planlaşdırır ki, bu proqramdan yaxın zamanda qoşulan dövlətlər də faydalana biləcəklər", - o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.