AZ

Fransızlara “dağ çəkən” məşhur fırıldaqçı

Məşhur fransız yazıçı Gi De Mopassan Eyfel qülləsinə nifrət edir, qüllənin paytaxtın görünüşünü çirkinləşdirdiyini deyirmiş.

Buna baxmayaraq, yazıçı müntəzəm olaraq Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən kafedə nahar edirmiş.

Bir dəfə ondan bunun səbəbini soruşduqda yazıçı deyir: “Çünki ora Parisdə yeganə yerdir ki, ordan baxanda Eyfel görünmür.”

Mopassan Eyfeli sevməyən yeganə insan deyildi. Parislilərin əksəriyyəti qüllə tikilib hazırlanandan sonra uzun müddət Eyfeli qəbul edə bilmir. Onu utanc ləkəsi kimi görmüş və nifrət etmişdilər. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və birliklərini bu qülləyə qarşı istifadə etmişlər. Həmin işdə 300 tanınmış şəxsin imzası olub. Bunların arasında Aleksandr Düma, Şarl Quno və əlbəttə ki, Mopassan da var idi. Lakin sonradan qülləyə həm yerli, həm də xarici turistlərin kütləvi axını baş verir və qısa müddətdə Eyfelə xərclənən pullar artıqlaması ilə geri qazanılır. Həm iqtisadiyyata təsiri, həm də qüllədə televiziya, radio stansiyalarının fəaliyyətə başlaması ona olan ögey münasibəti bir az azaldır.

Orta hesabla hər il 6 milyon turist bu qülləyə baş çəkir. Dünyaca məşhur fırıldaqçı Lüstiqin də yolu Eyfeldən keçir.

Medianews.az musavat.com-a istinadən Eyfelin metallom kimi satılmasına dair maraqlı faktları təqdim edir.

“Nə qədər ki, dünyada axmaqlar var, yalanlarla yaşamaq bizimçün çox rahatdır”

İti ağıllı və yüksək zəkalı, dünyanı “dolayan” fırıldaqçı 1890-cı ildə Çexiyada anadan olur. Məktəbi bitirdikdə artıq Lüstiq 5 dildə sərbəst danışa bilirdi. Gələcək “karyerası” üçün lazım olacaq çex, ingilis, fransız, italiyan və alman dillərini mənimsəyir. Bundan sonra sərbəst Avropanı gəzməyə başlayır. Əlbəttə dəfələrlə qanunları kobud şəkildə pozduğuna görə tutulur, amma həbsdən çıxmağın həmişə bir yolunu tapır. Gələcəyin ən tanınmış dələduzu artıq dil yox, qumar oyunlarını öyrənmək qərarına gəlir. Həmin vaxt Paris Avropanın qumar “paytaxtı” idi. Parisə lövbər atan Lüstiq ən gəlirli oyunları-poker və bridc oyunlarını mükəmməl öyrənir. Bu biliklər ona Parisdə milyonlar qazandırır və Fransanı mat qoyan fırıldaqçı burada lüks həyat yaşayır.

Həyatına yenilik qatan Lüstiq bu dəfə okeanı aşaraq Amerikaya təşrif buyurur.  Əlbəttə ki, məqsəd elm öyrənmək və ya tarixi abidələri ziyarət deyildi. Qaldığı bir neçə ildə minlərlə insanı aldadıb milyonlar qazanır və 50 dəfə Amerikada həbs olunur.

Amerikaya getmişkən dönəmin qanqsteri Al Kapone ilə də şəxsən tanış olur və ondan 5 min dollar “cib xərci” alır. Əlbəttə, Lüstiqin 5 min dollara ehtiyacı yox idi, amma məhz Al Kaponedən almaq ona xüsusi bir zövq vermişdi.

1925-ci ildə Viktor Lüstiq yenidən Parisə qayıdır. Nədənsə Parisdə pul qazanmaq ona daha cəlbedici gəlirdi. Dünyanın bir nömrəli dələduzu buna nail olur və fransızlara əbədi “dağ çəkir”.

Yeni macəralar axtarişında olan 32 yaşlı Viktor qəzetdə məqalə görür. Parislilər əyri-üyrü Eyfelin sökülməsini tələb edirlər. Dərhal Lüstiqin gözləri parıldayır. Fransızları elə öz dillərində dolamağın fürsəti və vaxtı yetişib!

Əvvəlcə bahalı bir hoteldə lüks otaq tutulur və Viktor Lüstiqin poçt və teleqraf nazirinin müavini olması ilə bağlı saxta sənədlər hazırlanır. Daha sonra metal alqı-satqısı ilə məşğul olan 5 böyük şirkətin başçısına dəvətnamə göndərilir. Dəvətnamələrdə iş adamları o dövrdə Parisin ən prestijli hoteli sayılan “Krillon” hotelində çox mühüm və gizli görüşə dəvət olunur.

Qonaqları təmtəraqlı otaqlarda qəbul edən Lüstiq Eyfel qülləsinin saxlanmasının hökumətə çox baha başa gəldiyi barədə geniş nitq söyləyir. Bildirir ki, vaxtilə qüllə Parisdə təşkil olunmuş ümumdünya sərgisi üçün müvəqqəti olaraq inşa edilib, 30 ildən çox vaxt keçdikdən sonra qüllə şəhər üçün təhlükəyə çevrilib və hakimiyyət dairələri qüllənin sökülməsi məsələsini müzakirə edirlər. Bunun üçün orada iştirak edənlər arasında qüllənin alınması üçün tender elan olunur.

Bu təklif görüş iştirakçıları arasında maraq oyatmaya bilməzdi və ən çox Andre Puasson bu məsələ ilə maraqlanır. Onu təkcə əldə edəcəyi gəlir yox, həm də tarixə düşmək imkanı daha da ruhlandırırdı. Məhz onun bu istəyini görən Lüstiq bir müddət sonra Puasson ilə gizli görüş təşkil edir. Görüş zamanı çox sakit görünən Lüstiq Puassona deyir ki, onun bu tenderi qazanmaq şansı yüksəkdir, amma öz namizədliyini bir az da möhkəmlətmək üçün şəxsən Viktorun özünə müəyyən miqdarda “mükafat” verməlidir.

Hələ bu görüşə qədər Puassonda müəyyən şübhələr yaranmışdı: niyə görüşlər belə gizli şəraitdə və nazirlikdə deyil, hotel otağında keçirilir? Lakin “dövlət məmurunun” son addımı onun bu müəmmalı sözləşməyə olan şübhələrini dağıdır. O, bir neçə iri əsginası sayaraq Lüstiqə verir və Eyfel qülləsinin sənədlərinin alınması müqabilində 4 milyon frank məbləğində çeki imzalayaraq, baş verənlərdən razı halda hoteldən ayrılır. Müsyö Puasson xoşagəlməz anlaşılmazlıqları hiss edəndə isə artıq gec idi – Viktor Lüstiq çoxdan əlindəki çeki nağd pula çevirərək, Vyanaya qaçmışdı.

Lüstiq 50 dəfədən çox həbs olunsa da, hər dəfə sudan quru çıxmağı bacarırdı. Polis onu cinayətini sübut edəcək dəlil çatışmazlığı səbəbindən azad etməyə məcbur olurdu. Viktor Lüstiq istedadlı fırıldaqçı olmaqla bərabər, həm də çox yaxşı psixoloq idi. Onun aldatdığı insanların çoxu cəmiyyətə axmaq görünmək istəməmələri səbəbindən polisə şikayət etmirdilər. Hətta Eyfel qülləsini böyük miqdarda pula “alan” Müsyö Puasson da bütün Parisə gülüş hədəfi olmaqdan və fərasətli biznesmen adını itirməkdənsə, pulları ilə vidalaşmağı üstün tutur.

Puasson ilə sözləşmədən bir müddət sonra o, yenidən Parisə qayıdır və tenderin başqa bir iştirakçısına qülləni bu dəfə 75 min dollara satır. Lakin aldanmış biznesmen fırıldağı tez anlayır və polisə xəbər verir. Lüstiq fransız polisindən qaçaraq ABŞ-yə getməyə nail olur. Amerikanın ədalət məhkəməsində də bu bacarıqlı fırıldaqçı haqqında kifayət qədər material toplanmışdı. 1935-ci ilin dekabrında “qraf” həbs olunur. O, saxta dollar əsginasları hazırladığına görə 15 il, bir ay əvvəl həbsxanadan qaçdığına görə isə əlavə 5 il müddətinə azadlıqdan məhrum edilir. Onu San-Fransisko yaxınlığındakı Alkatraz ada-həbsxanasına gətirirlər. O, 1947-ci ilin martında orada pnevmoniyadan vəfat edir və ümumi qəbirdə dəfn olunur.

Seçilən
2
3
medianews.az

4Mənbələr