AZ

Ceyhun Bayramovun Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru ilə görüşü

Noyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup ilə görüşüb. Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri, habelə COP29 Sədrliyimiz çərçivəsində tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin COP29 Sədrliyi, aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib, sədrliyin təhvil alınması, habelə sessiyaya hazırlıq işləri çərçivəsində BMT, onun ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq etdiyimizi diqqətə çatdırıb. Ölkəmiz tərəfindən edilən bu seçimin iqlim dəyişikliyi ilə mübarizə səylərinin əlaqələndirilməsi və davamlılığının təmini baxımından əhəmiyyəti vurğulanıb.

İqlim dəyişikliyinin təsirlərinə məruz qalan bir ölkə kimi Azərbaycanın hələ COP29 Sədrliyimizdən çox öncə ətraf mühitin qorunması məsələlərini milli inkişaf strategiyamızın mərkəzinə gətirdiyi, sədrliyimiz çərçivəsində isə bu istiqamətdə qlobal səylərə töhfə vermək niyyətində olduğumuz bildirilib.

Baş direktor Emi Poup COP29 Sədrliyini təhvil alması münasibətilə ölkəmizə təbriklərini çatdırıb, sədrlik dövründə fəaliyyətlərində uğurlar arzu edib.

***

Həmin gün xarici işlər naziri BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq ilə də görüşüb.

Görüşdə Azərbaycan–BMT əməkdaşlığı, habelə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər müzakirə olunub.

İqlim dəyişikliyinin fəsadlarının bölgəmizə, dünyamıza təsirinin ölkəmiz tərəfindən də yaxından müşahidə olunduğu, bu xüsusda tərəfimizdən milli səviyyədə yaşıl enerjiyə keçid yanaşmasının tətbiq edildiyi, habelə regional və qlobal səviyyədə mövcud çağırışlarla mübarizədə çoxtərəfliliyin təşviq olunduğu qeyd edilib.

COP29 Sədrliyimiz və aparılan danışıqlar prosesindən ətraflı bəhs edən nazir Ceyhun Bayramov iqlim maliyyəsi mövzusunun irəlilədilməsi məqsədilə tərəfimizdən aparılan aktiv fəaliyyət nəticəsində beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə yeni maliyyə strukturuna keçiddə vacib irəliləyişlərin əldə olunduğunu bildirib.

Prezident Filemon Yanq ölkəmizi COP29 Sədrliyi münasibətilə təbrik edib, sessiyanın yüksək səviyyədə təşkilatçılığına görə təşəkkür edib. BMT-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətinə xüsusi önəm verdiyi və bu sahədə səyləri dəstəkləməyə hər zaman hazır olduğu qeyd edilib.

XQ

Seçilən
2
7
xalqqazeti.az

10Mənbələr