AZ

Avropanın 8 ölkəsi karbon püskürən kömürdən Azərbaycan qazı ilə xilas olub

Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində oynadığı önəmli rolu heç kəs dana bilməz. “Qoca qitə”nin səkkiz ölkəsi məhz Azərbaycandan nəql edilən “mavi yanacağ”ın hesabına ekoloji cəhətdən daha zərərli qara kömürdən təbii qaz yanacağına keçib. Bunu sahənin aparıcı ekspertləri də etiraf edirlər ki, rəsmi Bakının həyata keçirdiyi meqalayihələr Avrasiyanın enerji və nəqliyyat xəritələrinə korrektələr edib. Həmçinin bu, çoxtərəfli əməkdaşlıq üçün səmərəli formatların yaradılmasına gətirib çıxarıb.

Prezident İlham Əliyevin COP29 Liderlər Sammitinin açılışındakı çıxışında xüsusilə vurğuladığı məsələlərdən biri də Azərbaycanın həyata keçirdiyi nəhəng layihələrin və səylərin beynəlxalq səviyyədə təsirsiz ötüşmədiyi barədə idi.

“İki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi. Çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin razılaşmanı imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi, indi isə səkkizdir”.

Çıxışında Avropa Komissiyasının qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırmaq barədə xahişinə də toxunan dövlətimizin başçısı bunun AK sədri ilə iki il əvvəl Bakıda imzalanmış müqavilədə öz əksini tapdığını bildirdi. Amma bunun müqabilində ikili standartlar, digər ölkələrə dərs keçmək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Bəzi qüvvələrin Azərbaycana qarşı dezinformasiya fəaliyyətinə kəskin münasibətini bildirən İlham Əliyev xarici medianın, beynəlxalq strukturların, belə demək mümkünsə, “vətəndaş” birliklərinin, əslində, müstəqil olmadıqları aydın şəkildə nəzərə çarpdığını da dilə gətirdi. Dövlət başçımızın məlum qüvvələrə ünvanladığı mesajların məqsədi həm də ondan ibarətdir ki, rəsmi Bakı istənilən anti–Azərbaycan təxribatlarına cavab verməyə, o cümlədən beynəlxalq geosiyasətin dəyişkən ideoloji aspektlərinə adekvat davranmağa həmişə hazırdır. Ona görə də “kollektiv Qərb” tərəfindən idarə olunan qaragüruh bütün sahələrdə – istər diplomatik, istər siyasi-iqtisadi, istər hərbi, istərsə də mədəni-tarixi sahədə Bakıdan həmişə və dərhal öz cavabını alıb. Qərbdəki azərbaycanofoblara ciddi cavab-reaksiyanın bir forması da ölkəmizdə nüfuzlu forumların, beynəlxalq tədbirlərin təşkil edilməsindən ibarətdir. Həmin ermənipərəst, məkrli qüvvələrin səylərini mənasız edən ən böyük platforma isə COP29-dur.

Mövzu ilə bağlı XQ-yə açıqlamasında Avropanın bəzi media subyektlərinin COP29-un Azərbaycana, guya, mükafat olaraq verildiyi düşüncəsinə sahib olduğunu qeyd edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov konfransın Bakının deyil, BMT-nin tədbiri olduğunu onların yadına saldı: “Azərbaycan COP29 konfransına dəvəti ev sahibi kimi BMT adından edib. Tədbirin xərcini çəkən, təşkilati yükünü boynuna götürən Azərbaycandır. Bizim “qüsurumuz” neft-qaz ölkəsi olmağımız imiş. Neftimizi də, qazımızı da həmin Avropa alır. Əgər onlara bu imkanı yaratmasaydıq, hələ də kömür yandırardılar və onun qazla müqayisədə ekologiyaya ziyanı birə üç nisbətindədir. İndi təbii yanacağın nəqlini artırmağımız üçün növbəyə düzülüblər, amma o biri tərəfdən nəqlinə kredit ayırmaq istəmirlər. Özləri bilsinlər. Bu gün onlara nəql olunan qazın həcmi Azərbaycanı tamamilə qane edir. Bir halda ki, Avropa İttifaqına üzv ölkələr bu məsələnin həllində maraqlıdırlar, onda zəhmət çəkib əllərini ciblərinə salsınlar və kəmərlərin daşıyıcılıq imkanlarını artıqmaqdan ötrü maliyyə vəsaiti ayırsınlar. Azərbaycan nəyə görə bu xərci öz boynuna götürməlidir? Bizim o kəmərdə iyirmi faizlik payımız var. Qalan payın sahibləri Avropa və ABŞ-dir. Vəsait ayırmaq istəmirlərsə, qazsız qalacaqlar. Elə COP29-un gündəliyi də onlara aiddir. İqlim dəyişikliklərinin fəsadları barədə narahatçılığı dünyaya ilk dəfə Avropa İttifaqı bəyan etmişdi. Bununla bağlı Paris Sazişini ortaya gətirən Fransa indi Bakı Sammiti ilə bağlı “üz-gözünü turşudur”. Azərbaycan BMT-nin konfransı ilə bağlı boynuna götürdüyü öhdəliyə ən yüksək səviyyədə əməl edib. Bakıya qarşı qarayaxma kampaniyası aparanlar isə bizi borclu çıxarmağa çalışırlar. Cənab Prezident çıxışında açıq şəkildə dedi ki, Azərbaycan hansısa media təzyiqinə, şantaja boyun əyən deyil”.

Bəzi Qərb siyasətçilərinin ikibaşlı açıqlamaları, eyhamları, böhtanları, ikili standartlarının əksinə olaraq, Azərbaycan həmişə öz sözünün üstündə durub, boynuna götürdüyü öhdəliklərini yerinə yetirib. Həm ənənəvi enerji daşıyıcılarının nəqli ilə bağlı razılaşmalar, həm də sürətlə inkişaf edən bu sahədə yeni təşəbbüslər üzrə gələcəkdə də tərəf müqabilləri ilə davamlı əməkdaşlığa sadiqdir.

Azərbaycan Prezidentinin bu mesajı nəhəng Avrasiya qitəsində yeni transsərhəd enerji körpülərinin formalaşması kontekstində xüsusilə vacibdir. Burada söhbət “təmiz ətraf mühit” konsepsiyasını həyata keçirmək üçün ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən gedir. “Yaşıl artım” respublikamızın 2030-cu ilə qədər və ondan sonrakı inkişafı üçün əsas prioritet kimi qəbul edilib. O cümlədən, bərpaolunan enerji mənbələrində istehsalın inkişafı, “yaşıl enerji zonaları”nın yaradılması, neft və qaz əməliyyatlarının dekarbonlaşdırılması, enerjinin səmərəliliyinin artırılması və elektrik mobilliyinin tətbiqi həmin konsepsiyanın komponentləri sırasındadır.

Burada oxuculara bir xatırlamamız da yerinə düşər. Ölkəmiz qaz kəməri ilə bağlı öhdəliklərini qüsursuz yerinə yetirməkdə davam edir. 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac edilib ki, bu da bir il əvvəlkindən 9,3 faiz çoxdur. Ümumiyyətlə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya nəql olunan qazın ümumi həcmi 2020-ci il dekabrın 31-dən bu il sentyabrın ortalarına qədər, təxminən, 40 milyard kubmetr təşkil edib. TAP AG boru kəməri şirkətinin icraçı direktoru Luka Şippatinin bu yaxınlarda qeyd etdiyi kimi, Trans Adriatik Boru Kəmərinin texniki və kommersiya cəlbediciliyi və çevikliyi operatorlar tərəfindən yüksək qiymətləndirilir: Bu gün 43 şirkət boru kəmərinin tutumunu ehtiyatda saxlamaq hüququna malikdir. Bundan başqa, 2026-cı ilin əvvəlinə qədər TAP-ın nəqletmə qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılacaq. Bu göstəricilər Azərbaycanın Avropa üçün ən etibarlı enerji partnyoruna çevrilməsinin əyani sübutudur.

Prezident İlham Əliyevin COP29 Liderlər Sammitinin açılışındakı çıxışında həm Azərbaycan, həm də dünya gündəmi ilə bağlı aydın şəkildə vurğuladığı bütün məsələlər, verdiyi mesajlar bacarıqlı diplomat tərəfindən gözəl düşünülmüş siyasi xəttin BMT tribunasından bəyan edilməsi kimi dəyərləndirilə bilər. Sadəcə, bu gün həmin yüksək tribuna Bakıda qurulub və dünya buradan səslənən fikirlərə, aparılan müzakirələrə qulaq kəsilib.

Bakı Sammitində iştirak edən yüksək çinli qonaqların çıxışları onu deməyə əsas verir ki, COP29 arzu edilən nəticələrlə işini başa vuracaq. Bunu ABŞ Prezidentinin köməkçisi, Ağ Evin Milli iqlim məsələləri üzrə müşaviri Əli Zaidinin çıxışından da hiss etmək mümkün idi. Ağ Ev rəsmisi konfransdakı çıxışında “bərpaolunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması” kimi daha əvvəl elan edilmiş məqsədlərlə bağlı irəliləyiş olacağına ümid etdiyini bildirib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin çıxışında “Avropa İttifaqı 31 milyard dollar iqlim maliyyələşdirməsinə hazırdır. Bu, bizim payımıza düşəndən çoxdur, hamını bizdən nümunə götürməyə çağırırıq” kimi önəmli mesajı iştirakçıların diqqətini çəkdi. İtaliyanın Baş naziri Ciorcia Meloninin “konsensusa nail olmaq inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar arasında məsuliyyətlərin bölüşdürülməsini və fərqlərin aradan qaldırılmasını tələb edir” fikri maraqla qarşılandı. Onun ölkəsinin Afrika üçün İqlim Fonduna 4 milyard dollardan çox vəsait ayırması, həmçinin yaşıl iqlimi, zərər və ziyan fondlarını dəstəkləməsi, enerji forumunu geosiyasi silahdan geniş şəkildə əlçatan resursa çevirə bilmək barədə dedikləri ciddi əhəmiyyətə malikdir.

Gətirdiyimiz misallar həm də Bakı Sammitini “əyri güzgüdə” görməyə çalışanlara mesaj kimi qəbul edilməlidir.

Siyasi icmalçı Tofiq Abbasov bizimlə söhbətində Prezident İlham Əliyevin COP29 Liderlər Sammitinin açılışındakı çıxışında “kollektiv Qərb”ə ciddi mesajlar verdiyinə diqqəti yönəltdi: “Cənab Prezident ikili standartlardan yanaşmanın, digər ölkələrə dərslər vermək adətinin və siyasi riyakarlığın Avropanın bəzi ölkələrindəki bir sıra siyasətçilər üçün fəaliyyət metoduna çevrildiyini açıq şəkildə bildirdi.

BMT-nin iqlim konfransına gəlməməyi bir yana, Fransa rəhbəri digər ölkələri də Bakıya getməkdən çəkindirməyə çalışırdı. Faktiki olaraq, COP29-un gündəliyinin əsas hissəsini təşkil edən Paris Sazişidir ki, onun üzərində iş gedir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, hazırda bu sazişdə göstərilənləri reallaşdırmaqdan ötrü dünyanın bütün dövlətləri çalışırlar. Necə deyərlər, problemdən çıxış yolları tapmaq üçün baş sındırırlar, amma rəsmi Parisin nümayəndələri konfransda yoxdur. Əslində, bu, Fransa hakimiyyətinin xarici siyasətinin uğursuzluğundan xəbər verən göstəricidir. Dünyanın iki yüzə yaxın ölkəsi iqlim dəyişiklikləri ilə bağlı həyəcan təbilinu vurur, bu problemin həllinin bir ölkənin, bir xalqın borcu olmadığını bəyan edirlər, “kollektiv Qərb” isə özünəməxsus tərzdə yaxasını kənara çəkməklə məşğuldur”.

T.Abbasov bir mərkəzdən idarə olunan anti-Azərbaycan qüvvələrin, sanki, Bakıda hansısa qalmaqalın baş verəcəyini gözlədiklərini də vurğuladı: “Heç bir insident, qalmaqal baş verə bilməz. Bu çirkin niyyətlərini reallaşdırmaq üçün cılız və primitiv gedişlərlə Azərbaycana problem yaratmağa çalışırlar. Əlbəttə, bütün bunların heç bir əhəmiyyəti yoxdur”.

“Mənim sonuncu mesajım, təxminən, bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Amma bu gün onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb”.

Cənab Prezidentin çıxışının sonunda gətirdiyi bu statistika Azərbaycanı sevməyənlərə ən tutarlı cavabdır.

İmran BƏDİRXANLI
XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr