AZ

Uzunmüddətli müqavilələrlə bağlı gəlirlərin və ondan çıxılan məbləğlərin hesablanması

Vergi Məcəlləsinin 138-ci maddəsi uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlərin uçota alınmasını tənzimləyir. Uzunmüddətli müqavilə dedikdə, müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmadığı və müqavilə müddətinin ən azı 6 ay olduğu müqavilələr nəzərdə tutulur.

“Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Həkim Məmmədov qanunvericiliyin tələbi ilə uzunmüddətli müqavilələrdə gəlir və gəlirdən çıxılan məbləğlərin necə hesablanmasını “vergiler.az”a açıqlayıb.

Vergi Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq uçota alınır.

Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Misal: Tikinti-quraşdırma işləri ilə məşğul olan müəssisə hesablama metodu ilə uçot aparır. 2023-cü ilin noyabr ayında müəssisə sifarişçi ilə 300.000 manat (ƏDV-siz) dəyərində müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, tikinti-quraşdırma işləri 8 ay ərzində başa çatdırılmalıdır. Tikinti-quraşdırma işlərinin smeta dəyəri 180.000 manatdır (ƏDV-siz).

Göründüyü kimi, burada Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinin bütün tələbləri nəzərə alınıb. Müəssisə 2023-cü ilin dekabr ayının sonuna müqavilə üzrə tikinti-quraşdırma işlərinə görə faktiki olaraq 54.000 manat (ƏDV-siz) xərc çəkib. Bu isə ümumi smeta xərclərinin 30%-ni təşkil edib:
(54.000: 180.000) x 100 = 30%

2023-cü ildə müqavilənin yerinə yetirlməsinin faktiki həcmi isə 90.000 manat təşkil edib:
300.000 x 30% = 90.000 manat.

2023-cü ildə qeyd olunan müqavilə üzrə hesablanmış mənfəət 36.000 manat olub:
90.000 – 54.000 = 36.000 manat.

Bu halda, əldə edilmiş mənfəətə görə ödəniləcək mənfəət vergisi isə 7.200 manat olacaq:
36.000 x 20% = 7.200 manat.

Seçilən
9
vergiler.az

1Mənbələr