AZ

“Ölkəmiz xoş məramı ilə Qlobal nüfuzunu nümayiş etdirir” – Əhliman Əmiraslanov

Qlobal iqlim dəyişikliyi ilə mübarizənin ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünya ölkələrinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bir araya gəldiyi, yeni strategiya və qərarların qəbul edildiyi mühüm platformadır. İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan paytaxtında keçirilməsi, hökumət və vətəndaş cəmiyyətləri nümayəndələri, elm adamları və ekspertlərin Bakıda toplaşaraq iqlim böhranının həlli yollarını müzakirə etməsi isə həm ölkəmiz, həm region, həm də ümumilikdə dünya üçün əhəmiyyətli nəticələr vəd edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Unikal məlumat yayıb.

Əvvəla, bütün neqativ fikirlərə və boykot çağırışlarına baxmayaraq, BMT-nin belə böyük miqyaslı və dünyanın hər yerindən onminlərlə insanın iştirakı ilə keçirilən mötəbər konfransına təhlükəsiz şəraitdə, yüksək səviyyədə və demək olar ki, qüsursuz ev sahibliyi etməsi bir daha Azərbaycanın beynəlxalq tədbirlərin təşkilatçılıq təcrübəsini və bacarığını ortaya qoydu. Bu isə onun nüfuzuna müsbət mənada təsirsiz ötüşməyə bilməz. Digər tərəfdən, bu tədbir qlobal səviyyədə nümunə olmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq birliyin gücünü nümayiş etdirəcək. Çünki COP 29-da qəbul edilən qərarlar gələcək illərin iqlim strategiyalarını, ümumilikdə isə, bu sahədə yeni bir mərhələ formalaşdıracaq. Nəticədə məhz Azərbaycanda yaşıl enerji layihələri, texnoloji yeniliklər və ətraf mühitin qorunmasına dair yeni proqramlar qəbul edilərək qlobal səylərə töhfə veriləcək. Bu isə ölkəmizin qlobal iqlim siyasətindəki rolunu artırmaqla onu iqlim dəyişikliklərinə qarşı mübarizədə aktiv “oyunçu”ya çevirəcək, beynəlxalq arenada nüfuz və mövqelərini, o cümlədən regionda liderliyini daha da gücləndirəcək. COP29-un açılış mərasimi də bu faktı təsdiqləyir. Açılış mərasimində dərin məzmunlu çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlər, eləcə də qarşıda duran vəzifələr barədə fikirlərini açıqlayıb. Cənab Prezident çıxışında Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə təbiətə, ekologiyaya vurduğu ziyan haqqında da məlumat verib.

Görünür, Ermənistana havadarlıq edən bəzi Qərb ölkələrinin COP29-un ölkəmizdə keçirilməsinə əngəl olmaq cəhdlərinin səbəblərindən biri də bu idi. Halbuki, COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışır. Məntiqlə, Azərbaycanın bu təşəbbüsünə məhz həmin Qərb ölkələri də dəstək verməlidir. Çünki ölkəmizin bu niyyəti xoş məramlıdır. Üstəlik, Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərimizi yaşıl enerji zonası elan edib. Bu fakt da yaşıl iqtisadiyyat üçün böyük töhfədir. Dövlətimizin başçısının dediyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik.  Lakin Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. İddia edilir ki, guya Azərbaycan neft ölkəsi kimi ekologiyaya ciddi ziyan vurur. Halbuki, Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir.

Azərbaycandan dəfələrlə çox neft-qaz istehsal edən ölkələr var. Onların arasında bizi tənqid edənlər də var. Bu tənqidlərin heç bir əsası yoxdur. Sadəcə, həmin Qərb dairələri, onların təsirində olan müxtəlif qeyri hökumət təşkilatları BMT kimi dünyanın ən böyük təşkilatının ən mötəbər tədbirinin Azərbaycan kimi müstəqil siyasət yürüdən, torpaqlarını öz gücünə işğaldan azad edən ölkədə keçilirilməsini həzm edə bilmir. Ancaq cənab prezidentin çıxışında qeyd etdiyi kimi həmin dairələrin cəhdləri iflasa uğrayıb. Belə ki, COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib, onların arasında 80 prezident, vitse-prezident, baş nazirlər də vardır. Bu mötəbər tədbirdə Türkiyə, Macarıstan, Britaniya, İtaliya, Belorus, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının prezidentinin iştirakı isə onların COP29-un timsalında ölkəmizə olan etimadını bir daha təsdiq edir. Bütün bunlar isə dünyanın yaşıl gündəliyinə mühüm töhfə, riyakar dairələrə isə böyük siyasi zərbə oldu.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov.

Seçilən
48
1
nocomment.az

2Mənbələr