Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində "Nüvə enerjisindən istifadənin 2050-ci ilədək üçqat artırılması üçün səylərin inkişaf etdirilməsi” adlı tədbirdə iştirak edib.
Samir Məmmədov çıxışında iqlim dəyişmələri üzrə diskussiyaların qlobal miqyasda əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.
Nazir müavini Azərbaycanın bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olduğunu vurğulayıb. O, ölkəmizin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq, 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq planını iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinin məsuliyyətini anlamaqla təmiz enerji keçidinə sadiqliyini bildirərək bu aspektdə nüvə enerjisinə, xüsusilə kiçik modul reaktorlar (SMR) kimi innovativ nüvə texnologiyalarına maraq göstərdiyi qeyd olunub. Azərbaycan hökumətinin "Atoms4Netzero” təşəbbüsü çərçivəsində təmiz enerjiyə keçiddə nüvə enerjisinin, o cümlədən SMR-lərin potensial rolunun birgə təhlilini dəstəklədiyi vurğulanıb.
Samir Məmmədov çıxışının sonunda Azərbaycan hökuməti adından digər ölkələri təmiz enerjiyə sürətli keçid üçün qlobal əməkdaşlığı inkişaf etdirməyə qoşulmağa dəvət edib. Azərbaycanın bu istiqamətdə fəaliyyətə töhfə verən layihələr üzərində birgə işləməyə hazır olduğunu bildirib.
Tədbir Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Marianno Qrossinin iştirakı ilə panel iclası şəklində davam edib.