Asiya İnkişaf Bankının (ABD) inkişaf etməkdə olan üzv ölkələri iqlim dəyişikliyinin təsirləri ilə bağlı yüksək risk altındadır və iqlimlə bağlı problemlərin artan intensivliyi lazımi və dayanıqlı tədbirlərin görülməsini zəruri edir.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov COP29 çərçivəsində ADB tərəfindən Asiya və Sakit Okean üzrə İqlim üçün İnnovativ Maliyyə Mexanizmi (IF-CAP) təşəbbüsünün başlanğıc tədbirində çıxışı zamanı bildirib.
Nazir, xüsusilə inkişaf edən kiçik ada ölkələrinə yardım etməyin vacibliyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycanın COP29 prezidentliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərdən birinin də beynəlxalq inkişaf banklarının resurs zərfinin genişləndirilməsi yolu ilə iqlim maliyyəsi imkanlarının genişləndirilməsi olduğu vurğulanıb.
S.Şərifov beynəlxalq inkişaf banklarının əlavə kapitalizasiyasının özəl sektoru daha da hərəkətə keçirməsinə səbəb olacağına və bunun, iqlim tədbirlərini dəstəkləyən daha geniş özəl sektor sərmayələri ilə tamamlanacağına əmin olduğunu ifadə edib. S. Şərifov COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycanın bu təşəbbüsünün daha geniş dəstəklə əhatə olunacağına ümidvar olduğunu bildirib.
IF-CAP-ın təşəbbüsünün başlanğıc tədbirində Bank tərəfdaşları ilə birgə özünün yeni iqlim maliyyələşdirmə mexanizmini təqdim edib.
Tədbirdə çıxış edən AİB prezidenti Masatsugu Asakava IF-CAP-ın dünyadakı ən innovativ iqlim maliyyələşdirmə proqramlarından biri kimi Asiya və Sakit Okean hövzəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün vacib vasitə olacağını bildirib. “Biz bilirik ki, iqlim dəyişikliyinə qarşı mübarizə dövrümüzün əsas çağırışıdır. Bu, transformativ, qəti və innovativ addımlar tələb edən bir çağırışdır – və IF-CAP bunu təmin edəcək. Bu təşəbbüs AİB-i bütün çoxtərəfli inkişaf bankları arasında iqlim maliyyəsi innovasiyasında ön sıraya çıxarır. 4,5 qat təsir gücü ilə bu, Asiya və Sakit Okeanda iqlim dəyişikliyinə qarşı mübarizə üçün çox ehtiyac duyulan milyardlarla dollar sərmayə yaradacaq.”
M. Asakava COP29-u mənalı və davamlı dəyişikliklər yaratmaq üçün yeni, iddialı bir iqlim maliyyəsi hədəfi müəyyən etməyə çağırıb.