AZ

COP29-un qarşısında hansı vəzifələr dayanır? — AÇIQLAMA

"COP29-da qarşıya qoyulan vəzifələr bəşəri əhəmiyyətə malikdir. Bu ilk növbədə insanların sağlam həyat tərzinə hesablanıb. Müzakirə olunan məsələlərin dəyişdirilməsinin önündə iqlim dəyişikliyinin yaratdığı problemin aradan qaldırılması dayanır. Bu problemlər illərlə üst-üstə gəliblər. Bu gün problemlər haqlı olaraq insanları narahat edir. Dünyada baş verən müharibələr, münaqişələr, yanğınlar, yaşıllıqların məhvi iqlim dəyişikliklərinə səbəb olur, yeni bəlalar doğurur. Bu bəlalar xəstəliklərin yayılması, aclıq, quraqlıq, təbiətin korlanması nəticəsində insanların çətin vəziyyətə düşməsidir".

Bu sözləri Demokrat.az-a deputat Tahir Rzayev deyib: 

"Ölkəmizdə keçirilən COP29-da bu problemlərin həll olunması qarşıda ciddi məqsəddir. Onlardan birincisi bu problemlərdən əziyyət çəkən insanlara kömək edilməsidir. Azərbaycan Prezidenti COP29-un açılışı, eləcə də kiçik ada dövlətləri sammitində etdiyi çıxışında problemlərə diqqət çəkdi. Göstərdi ki, bəşəriyyəti bu problemlərdən qurtarmaq üçün ciddi addımlar atmalıyıq. Cənab prezident kiçik ada dövlətlərinə 10 milyon manatlıq vəsaitin ayrılmasını məqbul hesab etdi. Bundan sonra da belə yardımların edilməsinə ümid etdiyini bildirdi".

O bildirib ki, yaşıllıqların artırılması, atmosferə atılan buraxılan tullantıların azalması, alternativ enerji mənbələrinin araşdırılması, çirklənmələrə qarşı mübarizə, təbiətin mühafizəsi qarşıdaki vəzifələr sırasındadır:

"Bu nəinki dövlətlərin, hər bir vətəndaşın borcudur. Bu gün Azərbaycan alternativ enerji mənbələrinin araşdırılması və tətbiqi istiqamətində irəliyə doğru addımlar atır. Külək, günəş, su enerjisindən istifadə istiqamətində görülən tədbirlər öz nəticəsini verməkdədir. 
Son illər ölkədə yaşıllıqların qorunması və artırılması istiqamətində çox böyük işlər görülüb. Sözsüz ki, bundan sonra da tədbirlərin genişləndirilməsi vacibdir. COP29-da qarşıya qoyulan vəzifələr bunu tələb edir".

Deputat qeyd edib ki, statistika göstərir ki, iqlim dəyişikliklərinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməsə, bir neçə ildən sonra insanlar ciddi su problemləri ilə qarşılaşacaqlar:

"Bir çox ölkələrdə baş verən yanğınlar iqlim dəyişikliklərinin nəticəsidir. 
Belə bir tədbirə Azərbaycanın uğurla ev sahibliyi etməsi beynəlxalq aləmdə nüfuzun yüksəlməsi ilə bərabər dövlət rəhbərimizin bəşəri ideyalarının nümunəsidir. Belə tədbirlər insanlıq üçün faydalıdır. Bu cür tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi dövlətlərin və xalqların öz talehlərinə laqeyd yanaşmamasının göstəricisidir. Bakıda keçirilən tədbirin faydalarını gələcəkdə görəcəyik".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
51
demokrat.az

1Mənbələr