AZ

Dünyanın 10 il müzakirə etdiyi məsələ COP-da yerindən hərəkətə başladı...

Image

Fuad İbrahimov: “Bakıda Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsinin razılaşdırılması önəmli hadisədir”

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb. Əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb.

Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğulayıb və bunun əməkdaşlığımızın möhkləmlənməsi işinə verdiyi töhfəyə toxunub. Dövlət başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr verdiyini deyərək vurğulayıb ki, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı 10 ildən çoxdur müzakirələrin aparılmasına və indiyədək irəliləyişlərin əldə edilməməsinə baxmayaraq, məhz COP29-da bununla əlaqədar müvafiq irəliləyişlərə nail olunub. Görüşdə bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq layihələri müzakirə olunub, COP29 çərçivəsində beynəlxalq maliyyə və bank təşkilatlarının yeni maliyyə hədəfi ilə bağlı verdiyi açıqlamaların ciddi ümidlər vəd etdiyi bildirilib.

Burada diqqəti çəkən məqam odur ki, Prezident Əliyevin də vurğuladığı kimi, Paris sazişinin 6-cı maddəsi üzrə 10 ildir müzakirə getsə də nəticə yox idi, lakin Bakıda irəliləyişə nail olundu. 

“Ümid edək ki, tədbirin son mərhələsində hansısa tarixə yazıla biləcək bir qərar qəbul olunacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov hesab edir ki, bu bir daha Bakıda keçirilən COP29-un önəmini ortaya qoyur: “İndi ehtimal var ki, bütün tərəflər Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılığa gəlsinlər. Sözügedən proses qeyd olunduğu kimi həyata keçsə, bu, çox önəmli bir məsələ olar. Birincisi, bu, tarixi bir proses olacaqdır. Məsələ ondadır ki, COP 1995-ci ildən keçirilir. COP29 Bakıda keçirilir və bu 29 tədbirin tarixinə diqqət yetirsək görərik ki, cəmi 4 dəfə bu tədbirlərdə önəmli qərarlar qəbul edilib. Bunlar da tarixə düşüb. 1997-ci ildə Kioto protokolu qəbul olunmuşdu. Daha sonra Qətərin paytaxtı Dohada keçirilən COP “Doha düzəlişi” ilə tarixdə qaldı. İllər sonra Paris Sazişi qəbul olundu. Ən nəhayət, 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində İqlim Paktı qəbul olunub. Sadaladığım tədbirlər tarixə düşüb. Ancaq bunların hər birində müəyyən məsələlər var. Məsələn, baxmayaraq ki, Paris Sazişi gündəmə gəldi və qəbul olundu, amma bir çox ölkələr maddələr üzrə tam razılaşmırlar. Bütün öhdəlikləri üzərlərinə götürüb ona əməl etmirlər. Məsələn, Birləşmiş Ştatlar Kioto protokoluna qoşulmayıb. Halbuki, ən çox atmosferi sənaye tullantıları ilə çirkləndirən ölkələrdən biri ABŞ-dır. Yəni sözügedən məsələdə incəliklər çoxdur. Ona görə də bu gün Bakıda Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsinin razılaşdırılması önəmli hadisədir. Bununla bağlı fikir ayrılıqlarını tam aradan qaldıra bilsək, bu, Azərbaycan üçün çox böyük uğur olacaq. Bu bir daha göstərəcək ki, Azərbaycanda keçirilən tədbirin xüsusi mahiyyəti mühüm əhəmiyyət kəsb edir. Hardasa inam var idi ki, bu proses baş tutacaq. Çünki ətraf mühitlə bağlı proseslər aktualdır. Azərbaycan da belə bir vacib tədbirə ev sahibliyi edir. Artıq ilk günlərdən pozitiv məlumatların yayılması, tərəflərin bir araya gələ bilməsi mühüm əhəmiyyət kəsb edir. Ümid edək ki, tədbirin son mərhələsində hansısa tarixə yazıla biləcək bir qərar qəbul olunacaq”.

Vidadi ORDAHALLI





Seçilən
32
baki-xeber.com

1Mənbələr