AZ

Ermənistan parlamenti "Artsax separatçılarından" imtina etdi...

Image

Ermənistan Azərbaycanın tələbləri ilə ABŞ və Qərb liderlərinin kriteriyalarını bir-birinə uyğunlaşdırmaqla məşğuldur

Ermənistan parlamenti Azərbaycandakı erməni məhbusların azadlığa buraxılması ilə bağlı bəyanatı qəbul etməyib. Ermənistan parlamentinin müxalifət fraksiyaları bir neçə gün əvvəl Azərbaycanda saxlanılan erməni əsilli separatçı məhbusların problemini müzakirə etmək üçün iclas keçirib.

Müxalif deputatlar COP29 beynəlxalq iqlim sammitinin keçirilməsini nəzərə alaraq beynəlxalq ictimaiyyəti Azərbaycana təzyiq göstərməyə çağıran bəyanatın qəbul edilməsi təklifini irəli sürüb. Müxalifət deputatları öz çıxışlarında hökumət nümayəndələrinin fəaliyyətsiz olduğunu bildiriblər.

Parlamentin vitse-spikeri Ruben Rubinyan isə onlara cavabında müxalifəti “məhbusların gələcəyinə qətiyyən əhəmiyyət verməməkdə” və “bütün mövzuları tükəndirərək bu mövzudan pul qazanmağa çalışmaqda” ittiham edib.

Müzakirə nəticəsində hakim fraksiya deputatlarının iştirak etmədiyi səsvermə keçirilib və bu səbəbdən bəyanat qəbul edilməyib.

Bütün bunlar göstərir ki, Ermənistan hakimiyyəti və müxalifəti Azərbaycanla təhdid və təzyiq dili ilə danışmağın mümkün olmadığını anlayır. Sadəcə olaraq, müxalifətin hər yerdən əli üzülüb, gündəmə gəlmək, hakimiyyəti tənqid etmək üçün mövzu axtarır. Ona görə də Ermənistanın adını terrorçu siyahısına salmış seperatçıların müdafiəsi yada düşür. İndiki müxalifətin özəyini isə Rusiya yönümlü Koçaryan-Sarkisyan tandemi təşkil edir. Erməni cəmiyyəti bu cütlükdən o qədər bezib ki, artıq "dənizdən dənizə dövlət", "Qarabağ bizimdir", "Şərqi Ermənistan", "erməni soyqırımı" nağıllarını eşitmək belə istəmir.

Yeri gəlmişkən, bir neçə həftə əvvəl Ermənistan parlamentinin spikeri Alen Simoniyan parlament tribunasından bəyan etdi ki, "erməni soyqırımı" artıq bizim siyasi prioritetimiz deyil, bu, ermənilərin əleyhinə işləyən siyasətdir. İndi isə Ermənistan parlamenti seperatçı erməni canilərinin müdafiəsi barədə bəyanatın qəbul edilməsinə "yox" dedi. Bu, ermənilərin özünüdərk istiqamətində atdığı uğurlu addımlardır. Hakimiyyət reallıqlara uyğun siyasi xətt götürmək istəyir. Sadəcə olaraq, beyni zəhərlənmiş cəmiyyətin başqa istiqamətlərə yuvarlanmağından, bundan da dolayı Paşinyan hakimiyyətinə son qoymasından ehtiyat edir.

Məsələn, Ermənistan hakimiyyəti əslində Azərbaycan hökumətinin tələblərini yerinə yetirməyə hazırdır. Lakin bu işdə onun qarşısını kəsən xəstə cəmiyyət, Cənubi Qafqaza girmək istəyən ABŞ ilə Qərb və Rusiya faktoru var. Diqqət edirsinizsə, Rusiya rəsmiləri bir-birinin ardınca bu istiqamətdə təxribatçı bəyanatlar verir. Bəli, bu münaqişəni "doğan ana" Rusiyadir, onun aradan qalxnasına hələ də müqavimət göstərir.

Ermənistan parlamentində hakim fraksiyanin atdığı addıma gəldikdə, bu həm də erməni müxalifətini ifşa etdi. COP29-un baş tutaraq davam etdiyi bir dövrdə erməni parlamentinin hansisa bir bəyanati, əlbəttə, Ermənistanın xeyrinə heç nəyi dəyişə bilməz. Bu, sadəcə olaraq Azərbaycan tərəfini bir qədər də qıcıqlandıra bilərdi. Bu isə erməni hakimiyyətinin deyil, yalnız müxalifətin işinə yaraya bilər. Çünki Ermənistan hakimiyyəti hazırda Azərbaycanın tələbləri ilə özünün ağaları olan ABŞ və Qərb liderlərinin kriteriyalarını bir-birinə uyğunlaşdırmaqla məşğuldur.

Məsələn, Azərbaycan hakimiyyəti tələb edir ki, Ermənistan onunla birlikdə ATƏT-in Minsk Qrupunun buraxılması barədə bəyanat versin. Çünki bu qurum münaqişənin həlli üçün yaradılmışdı, biz sülh müqaviləsi bağlayırıqsa, artiq Minsk Qrupu da ləğv edilməlidir. Amma Ermənistan hakimiyyəti ABŞ və Qərbin tələbi ilə bu məsələdə Azərbaycanla əməkdaşlıq etmək istəmir.

Digər tərəfdən, Ermənistanın özü üçün də xilas yolu olan Zəngəzur dəhlizinin açılması İran və Rusiyanın maraqları üzündən alınmır. Ermənistan hakimiyyəti ölkədə maraqlatı olan heç bir dövləti incitmədən uzun müddət çoxüzlü siyasət yürütmək istəyir ki, bu da mümkün deyil. İran bu dəhlizin açılması zamanı narkoticarət yolunun kəsiləcəyinin qayğısındadır, Rusiya özünün Çin və Orta Asiya maraqlarını qorumaq üçün bu dəhlizə özü nəzarət etmək istəyir. Ermənistan isə onları incitməmək üçün Zəngəzur dəhlizinin əvəzinə utopik bir dəhliz təklif edir. Hansi ki, həmin dəhlizə heç bir ölkə maraq göstərmir. Belədə isə həmin layihənin maliyyələşdirilməsi Ermənistanın gücü daxilində deyil. Ona görə də Ermənistan hökuməti Azərbaycanla sulh sazişi imzalamaq istəyirsə, yaxın zamanlarda yuxarıda qeyd etdiyimiz və digər məsələlər üzrə öz seçimini etməlidir. Bu seçimin gecikməsi də Ermənistanın özünə zərər vurur. Çünki zaman nə qədər uzun sürürsə, o qədər də Ermənistandan yan keçən layihələr dərinləşir.

Məsələn, bu münaqişə olmasaydı və ya 90-larda həll edilsəydi, indi Gürcüstandan keçən petrol kəmərləri və dəmir yolu Ermənistandan keçə bilərdi. Çünki bu, iqtisadi cəhətdən daha səmərəli idi. Həmin layihələrdən gələn mənfəət ötən il Gürcüstan dövlət büdcəsi gəlirlərinin 46 faizinə bərabər olub. Bu, 5 milyard dollara yaxın vəsait deməkdir. İndiki hakimiyyət əslində Ermənistanın bu münaqisə nəticəsində nələri itirdiyinin və nələri itirəcəyinin fərqindədir. Amma hələ cəmiyyətə və tərəfdaşlarına bunu qəbul etdirə bilmir.

Akif NƏSİRLİ





Seçilən
101
15
baki-xeber.com

10Mənbələr