AZ

AzVP-nin baxışı: COP29 müstəmləkəçiliyə qarşı mübarizədə yeni səhifə açdı

Azərbaycan öz ideyaları ilə dünyanı fəth edir. 

Ona görə ki, fəlsəfi-mənəvi dünyagörüşünün mükəmməlliyi ilə bu diyar dünyada təqdir olunan dəyərləri dərindən mənimsəyib.

Elmin, texnikanın yüksək dərəcədə inkişaf etdiyi indiki dövrdə ölkəmiz müstəqillik, bərabərlik, qarşılıqlı mənafeyə əsaslanan əməkdaşlıq prinsiplərini özünün xarici siyasətinin ana xəttinə çevirib.

Bu gün Azərbaycan mövcud olan ölkələrin demək olar ki, hamısı ilə planetimizin qarşısında duran qlobal problemlərin həlli ilə məşğuldur. 

Bu, onun öz beynəlxalq fəaliyyəti ilə qazandığı hörmətin və nüfuzun sayəsində mümkün olub. Lakin bəzi elə məsələlər var ki, bunlarla Azərbaycan ayrıca məşğul olur. Bu, müasir dünyanın inkişaf səviyyəsinə uyğun gəlməyən haldır. Belə ki, keçmiş cəhalətin qalığı olan müstəmləkəçiliyi yaşadan bir sıra ölkələr hələ də özlərindən qat-qat kiçik və müstəmləkə səbəbindən inkişafı ləngiyən ölkələr üzərində hegemonluqlarını davam etdirirlər. 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründən başlamış və bu gün xeyli dərəcədə intişar tapmış dekolonizasiya hərəkatı hazırda Bakıda davam edən COP29 tədbirində ciddi müzakirə mövzusudur. 

COP29 çərçivəsində Bakıda keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən Prezident İlham Əliyev deyib: 

“Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”. 

Bu fikirlər biabırçı müstəmləkə rejimini qoruyub saxlamağa çalışan Fransa kimi dövlətlərə ciddi siyasi zərbədir. Çünki daim insan hüquq və azadlıqlarından danışan fransalı rəsmilər öz təcavüzkar əməlləri ilə özlərini ifşa edirlər. 

Hazırda müstəmləkə zülmündən əzab çəkən kiçik ada dövlətləri Azərbaycanın simasında özlərinin böyük dostlarını, qayğıkeş himayədarlarını tapıblar. 

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və “Henley and Partners” şirkətinin birgə təşkilatçılığı ilə “İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsü” adlı beynəlxalq tədbir COP29-da uğurla baş tutub. 

Tədbirin keçirilməsində əsas məqsəd COP29-un iqlim maliyyələşdirilməsi üzrə əsas mövzularını müzakirə etmək, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və digər həssas ölkələrin dayanıqlıq təşəbbüslərinə investisiyaların cəlb edilməsində rol oynamaq, bioloji müxtəlifliyi qorumaq, innovativ maliyyə səfərbərliyi strategiyalarını irəli sürmək və iqlim dəyişikliyinin pisləşən qlobal təsirlərinə qarşı kollektiv məsuliyyəti gücləndirmək olub.

Bundan başqa, Fransa və Niderlandın müstəmləkəsi altında olan Afrika ölkələrinin və dənizaşırı ərazilərin nümayəndələri Bakıda “Yaşıl və müstəmləkəsiz dünya naminə həmrəylik” adlı dinc aksiya keçiriblər. COP29 çərçivəsində təşkil olunan aksiyanın iştirakçıları bildiriblər ki, müstəmləkəsiz və yaşıl dünya naminə həmrəylik davamlı inkişafın və müstəmləkə ölkələrinin muxtariyyətinin ayrılmaz olduğu ideyasına əsaslanır.

Uzun illər erməni qəsbkarlarının işğalı altında olmuş Qarabağı azad edən Azərbaycan xalqı azadlığın və suverenliyin qədrini gözəl bilir. Bu mənada dövlətimizin suverenlik uğrunda mübarizədə digər dövlətlərə dəstək verməsi tamamilə başadüçüləndir və dünyanın sülhpərvər xalqlarında məmnunluq hissi yaradır. Çünki kiçik ada dövlətlərinə söz verən çox olsa da, real dəstəyi hər ölkə göstərmir. Azərbaycanın isə sözü və əməli birdir və bu istiqamətdə görülən işlərin böyük tarixi əhəmiyyəti var.

Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi

"Cebheinfo.az"

Seçilən
66
cebheinfo.az

1Mənbələr