AZ

Hikmət Hacıyev: “Bunu etməklə COP prosesini pozmağa çalışırdız”

“Sizin Avropa İttifaqını “bağ”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi təsvir etməyiniz təəssüf doğurur.

Bu bəyanat müstəmləkə dövrünün “biz və barbarlar” hekayəsindən başqa heç nəyi xatırlatmır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq “X” hesabında yazıb.

Dövlət rəsmisi bildirib ki, iqlim dəyişikliyindən ən çox inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları əziyyət çəkir:

“Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var.

Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir.

Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər ölkələri COP29-da iştirakdan çəkindirməyə çalışıb. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur”.

Hikmət Hacıyev bildirib ki, bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək.

Seçilən
1
40
sportinfo.az

10Mənbələr