AZ

ABŞ nüvə arsenalını artıra bilər 

ABŞ gələcəkdə nüvə arsenalını artıracağını istisna etmir, lakin qərarı ölkənin seçilmiş prezidenti Donald Tramp verəcək...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı lideri Co Bayden administrasiyasındakı mənbələrə istinadən Wall Street Journal-a (WSJ) bildirib.

"Əgər mövcud tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, gələcəkdə ABŞ-ın yerləşdirilmiş nüvə silahlarının sayını artırmağa ehtiyac yarana bilər", deyə adı açıqlanmayan yüksək səviyyəli rəsmi WSJ-yə deyib. 

Onun sözlərinə görə, mənfi ssenari Rusiyanın silahlara nəzarətdən əl çəkməsi, Çin və Şimali Koreyanın isə qabiliyyətlərini artırması ilə bağlıdır.

Məqalədə həmçinin qeyd olunur ki, Konqresə göndəriləcək nüvə silahının istifadəsi ilə bağlı məxfilikdən azad edilmiş hesabatda konkret addımlar qeyd olunmur, lakin ABŞ-ın nüvə imkanlarını, strukturunu və ölçüsünü nəzərə alaraq uyğunlaşdırmağa ehtiyacı olduğu vurğulanır. 

"Düşmənlərimizin bir çoxunun nüvə silahını öz milli təhlükəsizlik strategiyalarının mühüm tərkib hissəsinə çevirməsi faktını nəzərə almaq lazımdır", deyə mənbə qeyd edib. 

WSJ əlavə edib ki, andiçmə mərasimindən sonra Donald Trampın nüvə triadasının bütün hissələrini gücləndirmək üçün bir neçə hazır variantı olacaq.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr