“Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Azərbaycan Konstitusiyası ilə bağlı bəlli bir açıqlama verdi. Biz hesab edirik ki, həmin açıqlamalar beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir işə xidmət etmir”. Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, dünən XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə həmin açıqlamaya çox detallı bir cavab hazırlayaraq təqdim edib: “Həmin açıqlamada addım-addım Ermənistan tərəfinin açıqlamasının əsassız olması göstərilib”. Qeyd edək ki, A.Hacızadə “X”də yayımladığı açıqlamada bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə parlamentdə dediklərinin əsası yoxdur: “Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.