AZ

Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən təşkil edilən hərbi təlim başa çatıb

 

Türkiyənin ev sahibliyi ilə 4 noyabr 2024 tarixində başlayan və 9-cu dəfə təşkil edilən “Mavi Balina-2024 Birgə Hərbi Təlimi” 13 ölkə və NATO qüvvələrinin iştirakı ilə başa çatdı.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandirliyi tərəfindən keçirilən təlimin son günündə müşahidəçilərə və mətbuat nümayəndələrinə Muğlanın Marmaris rayonundakı Aksaz Dəniz Bazasının Qonaq Evi iclas salonunda brifinq verildi. Brifinqdə təlimin əhəmiyyəti, məqsədi və mərhələləri haqqında məlumatlar çatdırıldı.

Təlimdə Türkiyədən 5 sualtı, 3 freqat, 2 yanacaq gəmisi, 2 köməkçi sinif gəmi, 5 dəniz patrul təyyarəsi, patrul gəmisi, korvet, 10 sualtı əleyhinə müharibə helikopteri, pilotsuz uçuş aparatı, 2 qayıq və 26 “F-16” təyyarəsi iştirak etdi.

13 ölkənin qatıldığı təlimdə ümumilikdə 62 dəniz və hava qüvvəsi fəaliyyətlərə qoşuldu.

Təlimə qatılan birliklər və komandirlər sualtı müharibəsinə dair bilik və bacarıqlarını inkişaf etdirdilər, əməliyyat tapşırıqlarına hazırlıq səviyyələrini artıraraq birgə hərəkət qabiliyyətlərini gücləndirdilər.

Brifinq salonunun xaricində Müdafiə Sənayesi şirkətlərinin məhsullarının təqdim edildiyi stendlərə baxış keçirildi.

Təlim "İnkişaf edən texnologiyanın sualtı müharibəsinə təsiri" mövzusunda akademik konfrans ilə sona çatdı.



Seçilən
43
trt.net.tr

1Mənbələr