AZ

COP29-da “Troyka” ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar müzakirə edilib

COP29 çərçivəsində noyabrın 15-də "Qalıq yanacaqlardan keçid: Çətinliklər və "Troyka" ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Braziliyanın CEBRI təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə davamlı enerji gələcəyinə keçid zamanı iqlim problemlərini həll etmək üçün Braziliya və Azərbaycan tərəfindən hazırlanmış yol xəritələri müzakirə olunub.

Enerji keçidində neft və qaz sektorunun rolu, bu keçid üçün lazım olan maliyyə də sessiyanın əsas müzakirə mövzularından olub.

Çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan və Braziliya neft və qaz hasilatında bəzi oxşar xüsusiyyətlərə malikdir, çünki bu sektorlar iqtisadiyyatlarımızın əsasını təşkil edir: “Biz yaşıl keçidə diqqət yetirməklə yanaşı, bu keçidin hamarlığına və iqtisadiyyatlara zərər verməməsinə əminlik üçün realist olmalıyıq”.

F.Şəfiyev əlavə edib ki, mövcud texnologiyalarla adi mənbələrdən tamamilə imtina etmək mümkün deyil. Buna görə də yeganə çıxış yolu ekoloji cəhətdən təmiz texnologiyalara daha çox diqqət yetirməliyik. O, həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi sırf enerji və ətraf mühitlə bağlı olmasına baxmayaraq, çox vaxt siyasiləşdirilir.

Təqdimatda çıxış edən Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov birgə iqlim fəaliyyətinin aktuallığını və qlobal ekoloji davamlılığın inkişafında COP29-un rolunu vurğulayıb. O bildirib ki, bizi 1,5 selsiyə yaxınlaşdıran istənilən rəqəm düzgün istiqamətdə bir addımdır. Elnur Soltanov müvəqqəti dekarbonizasiyanın vacibliyini vurğulayaraq, heç bir ölkənin bu məsələni təkbaşına həll edə bilməyəcəyini deyib: “Bütün dövlətlər metan emissiyalarının azaldılması prosesinə töhfə verməlidir. Uyğunlaşma səyləri üçün maliyyənin artırılması vacibdir”.

Braziliyanın Neft-Qaz İnstitutunun (İBP) baş direktoru Roberto Furian Ardengi COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür edib. O, çıxışında keçid prosesləri zamanı bəzi ölkələrin zəifliklərinə diqqət çəkib: "Yeganə seçim ağlabatan və ədalətli keçiddir. Bu məsələdə innovasiya və texnologiya bizə rəhbərlik etməlidir. Əks halda biz enerji keçidindən çox enerji yoxsulluğu ilə üzləşəcəyik”.

Sonra BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycanın yaşıl keçid strategiyaları haqqında məlumat verib. O, Qara dənizin dibi ilə çəkiləcək kabel layihəsindən, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerjinin inkişafı və ötürülməsinə dair bu yaxınlarda imzalanmış memorandumdan danışıb.

Seçilən
48
ikisahil.az

1Mənbələr