Deputat bildirib ki, belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil: “İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Liderlər Sammitindəki çıxışında ötən ilin dekabrında Dubayda baş tutan COP28 çərçivəsində beynəlxalq birliyin yekdilliklə COP29-a ev sahibliyi hüququnu Azərbaycana verməsindən məmnunluğunu bildirən cənab İlham Əliyev vurğulayıb: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Dövlətimizin başçısı çıxışında həmçinin, hazırkı dönəmdə dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin daim qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini, bu və ya digər məsələlərdə yüksək fəallıq göstərdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin ölkəmizə vurduğu ziyandan, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad etməsindən də bəhs edib”.
Eyni zamanda, cənab İlham Əliyevin bildirdiyi kimi, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. Dünyada ikili standartların, ayrı-seçkilik hallarının, irqçiliyin, islamofobiyanın, ksenofobiyanın hökm sürdüyü kədərli mənzərə ilə müqayisədə, Azərbaycan reallığı tamam fərqlidir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Ölkəmiz, həmçinin müstəqillik illərində qonşu dövlətlərlə və transmilli şirkətlərlə birlikdə reallaşdırdığı layihələrlə də Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurulmasına sanballı töhfələrini verir. Ölkəmizin təşəbbüsləri və fəal iştirakı ilə həyata vəsiqə alan bu layihələr əsasən enerji və nəqliyyat sektorlarını əhatə edir. Bu layihələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi müəyyən Qərb dövlətlərini, erməni lobbisini ciddi narahat edir: “Bu səbəbdən də, həmin dairələr xeyli müddətdir ki, ölkəmizə qarşı qərəzli kampaniya aparır. Başda Fransa olmaqla bəzi Qərb ölkələri və erməni lobbisinin yuvası olan Avropa Parlamenti hər vəchlə çalışırdılar ki, COP29 Azərbaycanda keçirilməsin. Onların boykot çağırışına dünya birliyi cavab vermədi. Dövlət başçısı çıxışı zamanı həmin dairələri məyus edən faktlar səsləndirdi. Beləliklə, bir daha təsdiqləndi ki, Qərb dairələrinin bu cür ucuz kampaniyalarının ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə oyunlar, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” mahnı yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Respublikamız öz nümunəvi və peşəkar təşkilatçılığı, möhkəm intizamı və əsl həmrəylik istedadı ilə bütün beynəlxalq sammit və tədbirləri yüksək səviyyədə keçirərək dünyanın nüfuzlu təşkilatları tərəfindən mükafatlandırılıb. Ona görə də COP29 Liderlər Sammitinin Azərbaycanın unikal bacarığı və qətiyyətli iradəsi ilə dünya birliyinə örnək olması şübhə doğurmur”.