“Mayk Taysonla döyüşdə Ceyk Pola şans vermirəm. Tanınmış yutuber rahat görünsə də, onun üçün hər şey çətin olacaq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın tanınmış boksçusu Əli İsmayılov Mayk Taysonla tanınmış yutuber Ceyk Pol arasında keçiriləcək döyüş barədə danışarkən deyib.
O, amerikalı boksçunun ilk raundlarda döyüşün taleyini həll edəcəyini bildirib: “Düşünürəm ki, onun bir qüvvətli zərbəsi Ceyk Polu yerə sərəcək. Tayson yaşına baxmayaraq, fiziki olaraq çox yaxşı formadadır. Yadınızdadırsa, dörd il öncə Mayk Tayson - Roy Cons dueli sona kimi davam etmişdi. Yekunda isə qalib müəyyənləşməmişdi. Bu dəfə isə tamamilə fərqli döyüş olacaq. Çünki rinqdə dünya boksunun canlı əfsanəsi yer alacaq. Bəlkə də C.Pol döyüşün sonlarında rəqibinin yorulacağını və bundan rahatlıqla istifadə edəcəyini fikirləşir. Lakin hər şey əvvəldə həll olunacaq”.
Ə.İsmayılovun sözlərinə görə, bu cür boks döyüşlərinin təşkili insanlarda bu idman növünə olan marağı daha da artırır: “Peşəkar döyüşdür. Ötən gün də üz-üzə mərasim keçirildi. Fikrimcə, buna həm idman, həm də şou kimi baxmaq olar”.
Qeyd edək ki, noyabrın 16-da ABŞ-ın Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumuna malik AT&T arenasında təşkil olunacaq döyüş Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Qarşılaşma 8 raunddan ibarət olacaq.