AZ

Sərxoş kişi ögey anasına xəsarət yetirdi — TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı ögey anası Sonaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 12-də baş verib. Məmməd həmin gün saat 17 radələrində birgə yaşadığı evdə ögey anası Sonanın spirtli içki almaq üçün ona pul verməkdən imtina etməsinə görə, aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı taxta parçası ilə qəsdən zərbə endirib. O, ögey anasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ögey anası olan Sona ilə birlikdə yaşayır, o, son illər işsiz olub: “Bundan əvvəl isə mebel ustası kimi fəaliyyət göstərmişəm. Spirtli içki aludəçisi olduğumdan fevral ayında 17 günlük müalicə aldım. Həmin ilin avqustun 12-də spirtli içki qəbul etdim. Həmin gün saat 17 radələrində içkili vəziyyətdə evə gəldim. Bu zaman evdə anam olub. Anam 75 yaşlı qadındır. Bir neçə dəfə insult keçirdiyindən bəzən öz-özünə qışqıraraq qeyri-adekvat hərəkətlər edir. Həmin gün o, yenə də bu cür hərəkətlər nümayiş etdirdiyindən ondan sakitləşməsini xahiş etdim. Anam yenə də sözlərimə məhəl qoymadan hərəkətlərinə davam etdi. Bu zaman içkili olduğumdan və anamın bu hərəkətlərinə əsəblərim tab gətirmədiyindən onun qoluna yumruqla bir zərbə endirdim. Lakin etdiyimdən peşman olaraq onu öz çarpayısına əyləşdirdim. Bundan sonra anam da sakitləşdi”.

Məhkəmədə ifadə verən Məmməd isə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, məhkəmədə verdiyi ifadəsində göstərib ki, spirtli içki aludəçisi olduğu üçün fevral ayında 17 gün müalicə alıb: “Avqustun 12-də spirtli içki qəbul etdim və həmin gün saat 17 radələrində evə gəldim. Bu zaman evdə anam olubş. Hadisə zamanı spirtli içkinin təsirində olduğumdan olanları dəqiq xatırlamıram. Sərxoşluğum keçdikdən sonra anam dedi ki, spirtli içki almaq üçün ondan pul istəmişəm, buna görə də aramızda mübahisə yaranıb, onu itələdiyim üçün qolu masaya dəyərək yaralanıb”. 

Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirib ki, hadisə baş verən ünvan anasına məxsusdur: “Anam işləmir, təqaüdçüdür. Hadisə zamanı özüm də işsiz olmuşam. Anam ilə əvvəllər münasibətim pis olmayıb. Törətdiyim əməldən çox peşmanam. Anam ilə barışmışam, məndən heç bir şikayəti yoxdur. Anama spirtli içki qəbul etməyəcəyimə, bir daha mübahisə etməyəcəyimə dair söz vermişəm”.

İş üzrə zərərçəkmiş Sona ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ögey oğlu Məmməd ilə birlikdə yaşayır: “Məmmədi körpə vaxtında həyat yoldaşım övladlığa götürərək evə gətirib. Kiçik yaşlarından qayğısına qalmışam, əzab-əziyyətlə böyütmüşəm. Təxminən üç il müddətdir ki, Məmməd spirtli içki aludəçisidir. Spirtli içki qəbul edərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmir. Dəfələrlə bunun onun sağlamlığına ciddi şəkildə zərər vurduğunu demişəm.  Məmməd hər dəfə bu səbəbdən içkili vəziyyətdə olduqda, mənimlə mübahisə edib. İçkili olmadığı vaxtlarda özünü çox normal aparır”. 
Zərərçəkmiş ifadəsində göstərib ki, avqustun 12-də, saat 17 radələrində yaşadıqları evdə olarkən Məmməd yenə içkili vəziyyətdə evə gəlib: “Bu zaman məndən spirtli içki almaq üçün pul istədi. Mən isə Məmmədə yaşlı qadın olduğumu, cəmi 300 manat pensiya aldığımı və bu pulun bizə güclə çatdığını dedi. Həmin vaxt Məmməd özündən çıxaraq mənimlə mübahisə etməyə başladı. Mən Məmmədin təkidlərinə baxmayaraq yenə də pulumun olmadığını dedim. Məmməd isə özündən çıxaraq mənim qoluma taxta parçası ilə bir zərbə endirdi. Mən qorxaraq əlim yaralı vəziyyətdə yaşadığımız binanın birinci mərtəbəsinə düşərək kömək üçün kiminsə gəlməsini gözlədim. Bu vaxt qardaşımın oğlu Elçin gələrək məni bu vəziyyətdə gördü, 31-ci polis şöbəsinə apardı”. 

Sona ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib. Amma məhkəmədə verdiyi ifadəsində şikayətçi olmadığını açıqlayıb. Sona ifadəsində ögey oğlundan şikayətçi olmamasını səbəbini belə izah edib: “Məmməd məni spirtli içki qəbul edərək dəfələrlə döyüb. Təxminən 10 dəfə bu barədə ərazi üzrə polis bölməsinə müraciət etmişəm. Məmməd 3 saylı İstintaq Təcridxanasında saxlanılarkən aramızda telefon danışıqları olub. Məmməd mənə söz verərək bildirib ki, artıq 3 aydan çox müddətdir təcridxanada olduğundan spirtli içki qəbul etmədiyindən, sağalıb və spirtli içkini tərgidib. Azadlıqda olacağı halda da, bir daha əsla spirtli içki qəbul etməyəcək və belə bir hal təkrarlanmayacaqdır. Əməlindən çox peşman olduğunu və onu bağışlamağımı xahiş etdi. Buna görə də Məmmədi bağışlamışam, onunla barışmışam”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
68
demokrat.az

1Mənbələr