AZ

Evdə turşu hazırlayarkən nələrə diqqət etməli? - AÇIQLAMA

Çox insan indiki vaxtlarda artıq qış üçün müxtəlif tərəvəzlərdən turşu hazırlamağa başlayıb. Lakin zaman-zaman turşudan zəhərlənmə halları ilə rastlaşırıq. Bəs turşu ev şəraitində necə hazırlanmalıdır ki, zəhərlənməyə səbəb olmasın?

Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, ev şəraitində turşu hazırlayarkən zəhərlənmənin qarşısını almaq üçün bir neçə vacib amilə diqqət yetirmək lazımdır:

"İlk növbədə istifadə edilən bütün vasitələr – bankalar, qablar, qapaqlar, bıçaqlar və digər alətlər  yaxşıca yuyulmalı və sterilizə edilməlidir. Əks halda turşu hazırlanarkən mikroorqanizmlərin çoxalması mümkündür. Tərəvəzlər təzə, sağlam və zədəsiz olmalıdır. Çürümüş və ya xarab olmuş tərəvəzlərdən istifadə edilməsi turşunun keyfiyyətini pisləşdirə və zəhərlənmə riskini artıra bilər. Duz turşunun qorunmasına kömək edən ən vacib maddələrdən biridir. Lakin duzun miqdarı çox olarsa, turşunun dadı pisləşə bilər, az olarsa, bakteriyaların inkişafına şərait yaranar. Həmçinin istifadə olunan duzun təbii olduğuna və təmiz olduğuna diqqət yetirilməlidir. Turşu hazırlığında istifadə olunan suyun da təmiz olması vacibdir. Çünki çirklənmiş və ya çətin təmizlənən su mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Hazırlanan turşu düzgün şəkildə saxlanmalıdır. Bankalar qapalı olmalı və sərin, quru, işıqsız yerdə saxlanmalıdır. İstifadə etməzdən əvvəl turşu tamamilə soyumalıdır".

Bağırsaqları

Mütəxəssis qeyd edib ki, ev şəraitində turşu hazırlanarkən hava ilə təmasda qalan zaman mikroorqanizmlər əmələ gələ bilir:

"Bankalarda yaranan hava boşluqları və ya lazımsız hava daxilolmaları belə təhlükələrə səbəb ola bilər. Buna görə əgər turşu hazırlamaq üçün xüsusi fermentlər istifadə edilirsə, onların miqdarına diqqət yetirmək lazımdır. Hazırlanan turşu bankalarını vaxtaşırı açıb içini yoxlamaq lazımdır. Hər hansı bir anormallıq, kəskin qoxu və ya rəng dəyişiklikləri baş verərsə, dərhal istifadə etməmək lazımdır. Bu sadalananlara riayət etməklə, turşu hazırlığının təhlükəsiz və sağlam bir şəkildə həyata keçirilməsi mümkündür. Zəhərlənmənin qarşısını almaq üçün bu qaydalara diqqət yetirmək çox önəmlidir".

Sevinc İBRAHİMZADƏ

Seçilən
27
redaktor.az

1Mənbələr