AZ

Deputat: Vətəndaş cəmiyyəti institutlarının iqlim idarəçiliyində iştirakı effektiv nəticələr verir

Vətəndaş cəmiyyəti institutlarının iqlim idarəçiliyində iştirakı effektiv nəticələr verir.

Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Qoşulmama Hərəkatı üzvləri olan dövlətlərin, inkişaf etməkdə olan ölkələrin və ada ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “Qlobal Cənub” əməkdaşlığı vasitəsilə İqlim Fəaliyyətinin İnkişafı: QHT-lərin Rolu” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, QHT-lərin fəaliyyəti icmaları gücləndirir, bərabərliyi təşviq edir və daha ədalətli cəmiyyətə töhfə verir:

"Biz QHT-lərin iqlim idarəçiliyinə ən yaxşı şəkildə töhfə verməsi üçün şərtləri müəyyən etməliyik. QHT-lərin iqlim siyasətində, iqlim danışıqlarında aktiv iştirakına nail olmalıyıq. Bütün ölkələr iqlim və ətraf mühit fəallarını qorumalı, onları qərar qəbul etmə prosesinə cəlb etməlidir".

N.Məmmədova xatirladıb ki, COP29 həm də “COP sülh” platformasıdır:

"Biz bütün tərəfləri siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi 1 ay ərzində atəşkəsə əməl etməyə çağırırıq. COP Atəşkəs Çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilməlidir. Hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə birlik olmalıyıq. Münaqişələr ekosistemin pozulması, təbii ehtiyatların tükənməsi, gələcək nəsillər üçün planetimizin sağlamlığının təhlükə altına düşməsi deməkdir".

Deputat vurğulayıb ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğaldan və ekoloji terrordan, vandalizm xarakterli dağıdıcı əməllərdən çəkdiyi əziyyət və bu ağır durumda tətbiq etdiyi həll yollarına dair təcrübəsi var:

"Dörd il əvvəl ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin ağır nəticələrini aradan qaldırmağa çalışır.

Təxmini hesablamalara görə, qlobal istixana qazı emissiyalarının ən azı 5,5 faizi dünya ordusunun payına düşür. Əslində, bir çox hökumətlərin hərbi fəaliyyətlərdən emissiyalar haqqında məlumatı gizli saxlamasını nəzərə alsaq, bu rəqəmin xeyli yüksək olduğunu söyləyə bilərik.

Bir sözlə, istixana qazları tullantıları azalmasa, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən xilas ola bilməyəcək. Bu mənada COP29 uzunmüddətli sülhün yollarını müəyyən etmək üçün unikal imkan ola bilər”.

Seçilən
15
sitat.info

1Mənbələr