Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşüb.
Publika.az xəbər verir ki, görüşdə ölkəmizin COP29 Sədrliyindən irəli gələn məsələlər, həmçinin Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşünə hazırlıq istiqamətində görülən işlər haqqında fikir mübadiləsi aparılıb.
Martin Çunqonq COP29 kimi vacib qlobal tədbirə evsahibliyi etdiyi üçün ölkəmizi təbrik edib. Fikir mübadiləsi zamanı COP29-a hazırlıq işlərinin yüksək səviyyədə aparıldığı vurğulanıb və görülən işlər yüksək qiymətləndirilib.
Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlər göstərdiyi diqqətə çatdırılaraq, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi qeyd edilib, Bakıda təşkil olunan COP29-un müzakirə olunan mövzuların aktuallığı, dünyada iqlim dəyişikliklərinin yaratdığı problemlərin aradan qaldırılmasına töhfələri baxımından çox mühüm beynəlxalq tədbir olduğu diqqətə çatdırılıb. Dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirak etdiyi COP29-a böyük marağın göstərildiyi və tədbirdə 70 mindən çox qonağın iştirak etməsinin bunun bariz ifadəsi olduğu qeyd edilib.