AZ

Qlobal Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair müzakirələr aparılıb

COP29 çərçivəsində noyabrın 15-də “Qlobal Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” mövzusunda genişmiqyaslı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan dövlətlərin və ada ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələri fəal iştirak ediblər. Tədbirə, həmçinin müxtəlif beynəlxalq təşkilatların, aparıcı QHT-lərin, dövlət qurumlarının nümayəndələri, elm adamları və iqlim sahəsində fəaliyyət göstərən ekspertlər də qatılıblar.

Əvvəlcə Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə gördüyü işləri və əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Videoçarxda ölkəmizin həyata keçirdiyi yaşıl enerji layihələri, bərpaolunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi və karbon emissiyalarının azaldılması istiqamətində atılan addımlar təqdim olunub. Nəticə etibarilə ölkənin iqlim dəyişikliklərinə qarşı mübarizədə regionda və dünyada nümunəvi bir model kimi çıxış etdiyi diqqətə çatdırılıb.

COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoçarx vasitəsilə tədbir iştirakçılarına müraciət edərək müzakirə olunan mövzunun əhəmiyyətinə diqqət çəkib: “Bugünkü toplantımız iqlim dəyişikliyinə qarşı mübarizədə ümumi öhdəliyimizin daha bir göstəricisidir. Bu problem sərhədlər, mədəniyyətlər və inanclarla məhdudlaşmır, hər birimizə və bütün planetimizə təsir edir. İqlim dəyişikliyinin insanlara və təbiətə təsirlərini azaltmaq, həm də gələcək nəsillər üçün bu dünyanı qoruyub saxlamaq bizim kollektiv məsuliyyətimizdir. Qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq həm iddialı məqsəd, həm də konkret fəaliyyət tələb edir. Bu, həll etməli olduğumuz bir sınaqdır və planetimizdəki həyatın gələcəyini müəyyən edəcək. Bu çağırışda heç bir ölkə və ya sektor təkbaşına hərəkət edə bilməz. Bu, hər bir ölkənin və hər bir sektorun birgə əməkdaşlığını tələb edir. İnkişaf etməkdə olan iqtisadiyyat kimi biz də qarşılaşdığınız çətinlikləri anlayırıq, çünki biz də eyni problemləri yaşayırıq. İqtisadi inkişafı iqlim fəaliyyəti ilə balanslaşdırmaq, iqlim dəyişikliyinin artan təsirləri ilə mübarizə aparmaq çətinlikləri ilə tanışıq. Biz illərdir bu istiqamətdə əməkdaşlıq və paylaşma təcrübəsini gücləndiririk. İnkişaf etməkdə olan ölkələrin tərəqqiyə nail olması üçün vətəndaş cəmiyyəti mühüm rol oynayır. Bu qurumlar iqlim fəaliyyətini irəli aparmaq üçün yeni perspektivlər, ideyalar və strategiyalar gətirir, eyni zamanda, icmaların səslərini qorumağa töhfə verir. Mən buradan bütün iştirakçılara və tərəfdaşlara müraciət edərək, razılaşmaların ruhunu şərəfləndirməyə çağırıram. Bu razılaşma qeyri-rəsmi sənəddən daha artıqdır. Bu, insanların və planetin qorunması üçün bizim ümumi məsuliyyətimizi simvollaşdırır. Bu sənəd bizə fərqlərimizi kənara qoyaraq bir araya gəlməyimizi, bizi birləşdirə biləcək həll yollarına diqqət yetirməyimizi xatırladır. Qlobal iqlim böhranı hər kəsə təsir edir və yalnız birgə səylərimizlə bu problemin öhdəsindən gələ bilərik”.

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai videoçarx vasitəsilə müraciətində diqqətə çatdırıb ki, milli hökumətlər, inkişaf siyasətləri, iqlim liderləri və yerli xalqların nümayəndələri qarşısında duran çağırış iqlim dəyişikliyidir: “Bu dövrün ən mühüm sınağı olan iqlim dəyişikliyi bütün cəmiyyətin iştirakını tələb edir. Bu, hər birimizin öhdəlik, imkanlar və güclü əməkdaşlıq göstərməsini şərtləndirir. Bu problem yalnız tərəfdaşlıq və genişmiqyaslı əməkdaşlıq sayəsində həll edilə bilər. Çoxsaylı regionlarda müxtəlif öhdəliklərimiz və təşəbbüslərimiz iqlim fəaliyyəti sahəsində irəliləyişin mümkün olduğunu sübut edir. Bununla belə, iqlim dəyişikliyinin təsirləri yalnız məsafələr və sərhədlərlə məhdudlaşmır. Bu problem təbii resursların tükənməsi və qlobal həyatın ən böyük çətinlikləri ilə üz-üzə qalmağımıza səbəb olur. Dünyada iqlimin dəyişməsi artıq göz önündədir, biz bu dəyişiklikləri hiss edirik və onların ölkələrə, icmalara, eləcə də fərdlərə necə təsir etdiyini görürük. Gələcək nəsillər üçün daha yaxşı dünya qurmaq məqsədilə birgə fəaliyyətimizi davam etdirməliyik”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova, BMT-nin QHT şöbəsinin rəhbəri Vuk Cin Çanq, “Təmiz Torpaqlar” təşəbbüsünün yaradıcısı, 2023-cü il Dünya Ərzaq Mükafatının laureatı Heidi Kuhn və başqaları iqlim məsələləri ilə bağlı daha sıx əməkdaşlıq platformalarının yaradılmasının zəruriliyini vurğulayıblar.

İştirakçılar, həmçinin Azərbaycanın iqlim dəyişikliklərinə qarşı həyata keçirdiyi layihələr və QHT-lərə verdiyi dəstək barədə də məlumatlandırılıb.

Rədbir müxtəlif regionlardan olan nümayəndələrin birgə fəaliyyət strategiyalarının müzakirəsi ilə davam etdirilib.

Seçilən
5
2
ikisahil.az

3Mənbələr