AZ

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"a bildiriblər ki, görüşdə Azərbaycan ilə PAİ arasında əməkdaşlıq, Bakıda keçirilən COP29-un əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

COP29-un yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirən qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qonaqlarla ayrıca görüşməsi, onları dinləməsi və göstərilən diqqət yüksək qiymətləndirilir. PAİ prezidenti göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına təşəkkürünü ifadə edib. O, xüsusilə kiçik ada dövlətlərinin səsinin COP29-da eşidilməsinə şərait yaradıldığı üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da danışılıb. Qeyd edilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir. Bu baxımdan COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi, Prezident İlham Əliyevin tədbirdə əhatəli çıxışı və bu dövlətlərə verdiyi dəstək mühüm əhəmiyyətə malikdir.

Qonaq Azərbaycanın COP29 sədrliyinin uğurlu olacağına, bu çərçivədə görülən işlərin öz bəhrəsini verəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycan Milli Məclisi ilə Tanzaniya Milli Assambleyası arasında əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Seçilən
4
11
operativmedia.az

10Mənbələr