Noyabrın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai və Nərimanov rayon təşkilatlarına yeni təyin olunmuş sədrlər ictimaiyyətə təqdim edilib.
YAP Xətai rayon təşkilatının inzibati binasında keçirilən təqdimat mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail olduğunu deyiblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolu ilə irəliləyən müasir Azərbaycan daim qüdrətlənir, möhtəşəm uğurlar qazanır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən Heydər Əliyev siyasəti gələcək uğurların həlledici əsasıdır.
Sonra partiyanın Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağını deyib.
Tədbirdə akademik Vaqif Abbasov və Xətai rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov da çıxış edərək bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük gücə çevrildiyini qeyd ediblər.
YAP Nərimanov rayon təşkilatının inzibati binasında keçirilən təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla anıblar.
YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, monolit siyasi təşkilat olduğunu bildiriblər. Vurğulanıb ki, şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Sonra partiyanın Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək təşəkkürünü bildirib, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını vurğulayıb.
YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, ərazi partiya təşkilatının sədri Ağaəli Hüseynov və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxışlarında YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini diqqətə çatdırıblar.